Qahirə, 21 may, AZƏRTAC
BMT 2025-ci ildə dünya üzrə münaqişə bölgələrində təxminən hər 14 dəqiqədə 1 mülki şəxsin həlak olduğunu bildirib. Qurum qeyd edib ki, uşaqlar da daxil olmaqla mülki şəxslər evlərdə, bazarlarda, iş yerlərində, məktəblərdə, yollarda və sığınacaq axtararkən həyatlarını itirirlər.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) böhranlara cavab şöbəsinin direktoru Edem Vosornu qurumun Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsinə həsr olunmuş açıq müzakirələrdə çıxışı zamanı deyib.
O bildirib ki, mülki şəxslər bir çox hallarda yalnız təsadüfi qurban deyil, birbaşa hücum hədəfinə çevrilirlər. Qeyd olunub ki, ötən il dünya üzrə 18 münaqişə zonasında səhiyyə müəssisələrinə qarşı 1350-dən çox hücum qeydə alınıb.
BMT-nin nümayəndəsi, həmçinin vurğulayıb ki, ötən il münaqişələr nəticəsində yaranan aclıq böhranı daha da dərinləşib və təxminən 147 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşib.
Edem Vosornu qeyd edib ki, aclıq böhranı qida çatışmazlığından deyil, münaqişə tərəflərinin hərbi əməliyyatları idarəetmə üsullarından, o cümlədən mühasirələrdən və humanitar yardımların ehtiyacı olan insanlara çatdırılmasının qarşısının alınmasından qaynaqlanır.