Amazonnin idarə heyətinin sədri Ceff Bezos aşağı gəlirli vətəndaşlar üçün federal gəlir vergisinin ləğv edilməsinə çağırıb.
Bu barədə CNBC məlumat yayıb.
Bezos “Squawk Box” proqramında çıxışı zamanı bildirib ki, ABŞ-də ən yüksək gəlirə sahib olan 1 faiz vergi ödəyicisi bütün vergi daxilolmalarının təxminən 40 faizini ödəyir, əhalinin aşağı yarısı isə cəmi 3 faiz paya malikdir.
“Düşünmürəm ki, bu göstərici 3 faiz olmalıdır. Hesab edirəm ki, sıfır olmalıdır”, – deyə Bezos vurğulayıb.
Amerikalı milyarder aşağı gəlirli insanların ödədiyi gəlir vergisinin hökumət üçün əhəmiyyətli məbləğ olmadığını bildirib və illik 75 min dollar qazanan tibb işçisini nümunə göstərib.
“Biz Kvinsdə yaşayan həmin tibb bacısından Vaşinqtona pul göndərməsini tələb etməməliyik. Əksinə, Vaşinqton ona üzrxahlıq etməlidir. Bunun heç bir mənası yoxdur”, – deyə Bezos qeyd edib.