AZ

Xoşbəxt olmaq üçün anı yaşayın: Plan qurmayın

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illərdə çox insanın həyat tərzində bir dəyişiklik hiss olunur.

İnsanlar həyatı yaşamaqdan çox, onu idarə etməyə çalışır. Planlar, məqsədlər, vaxt bölgüsü, gələcək qorxusu sanki hər şey nəzarət altında olmalıdır. Amma bu nəzarət cəhdi artdıqca, həyatın özünü hiss etmək azalır.

İnsanlar niyə hiss etməyi yox, idarə etməyi seçir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında psixoloq Gülnar Ağayeva bildirib ki, insanların anı yaşamaq əvəzinə hər şeyi hesablamağa üstünlük verməsi əsasən təhlükəsizlik ehtiyacı ilə bağlıdır:

"İnsan beyninin təbii funksiyası qeyri-müəyyənlikdən qorunmaqdır. Gələcək bilinməyəndə insan onu planlamaq, ehtimalları hesablamaq və nəzarətdə saxlamaq istəyir. Bu, qısa müddətdə rahatlıq hissi yaradır, amma uzun müddətdə insanı indiki həyatdan uzaqlaşdırır.

Həmçinin, müasir dövrdə stress və həyatın sürəti bu vəziyyəti daha da gücləndirir. İnsan daim tələsir, vaxt çatdırmağa çalışır, bir işi bitirməmiş digəri başlayır. Belə ritm emosional sistemə birbaşa təsir edir: insan hisslərini tam yaşamaq üçün vaxt və diqqət ayıra bilmir. Duyğular ya tez bastırılır, ya da ümumiyyətlə, hiss edilmədən keçir. Bu da zamanla daxili boşluq və emosional yorğunluq yaradır".

Onun sözlərinə görə, insanın “anı yaşamaq” əvəzinə gələcəyi düşünməsi çox vaxt narahatlıqla bağlıdır:

"Gələcək haqqında düşünmək insana nəzarət illuziyası verir. İnsan düşünür ki, nə qədər çox plan qursa, o qədər az problem yaşayacaq. Amma həyat tam nəzarət edilə bilən bir proses deyil. Bu səbəbdən insan nə qədər çox gələcəyə ilişirsə, bir o qədər indiki anı itirir.

Hissləri yenidən bərpa etmək üçün insan ilk növbədə öz daxili ritmini yavaşıtmalıdır. Daim məşğul olmaq, düşünmək və planlamaq yerinə bəzən sadəcə dayanmaq lazımdır. Hissləri inkar etmək və ya bu normal deyil deyə kənara itələmək əvəzinə, onları qəbul etmək vacibdir. İnsan nə hiss edirsə, onu adlandırmaq və tanımaq emosional əlaqəni gücləndirir".

Psixoloq qeyd edib ki, diqqəti indiki ana qaytarmaq önəmlidir:

"Gündəlik həyatda kiçik detallara fikir vermək, tələsik qərarlar verməmək və özünə qısa fasilələr yaratmaq insanı yenidən hiss etmə vəziyyətinə gətirə bilər. Çünki hisslər yalnız düşüncə ilə deyil, yaşantı ilə bərpa olunur.

İnsan həyatı nə qədər çox idarə etməyə çalışsa, bir o qədər onu hiss etməkdən uzaqlaşır. Əsl balans isə həm plan qurmaqda, həm də yaşanan anı hiss etməyə icazə verməkdədir".

Gülər Həsənli

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
cebheinfo.az

2Mənbələr