AZ

İçərişəhərdən “ağıllı şəhər”lərə: Bakı WUF13 də diqqət mərkəzindədir

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu günlərdə Bakıda 13-cü Ümumdünya Şəhərsalma Forumu – WUF13 keçirilir. Forum mayın 17-dən 22-dək olan dövrü əhatə edir. Tədbirdə dünyanın 182 ölkəsindən təxminən 40 minə yaxın nümayəndə iştirak edir. İştirakçılar arasında dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri, müxtəlif sahələr üzrə ekspertlər və rəsmilər yer alır. Bu isə forumun əhəmiyyətini daha da artırır və Azərbaycanın artıq belə böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi dünya gündəmində xüsusi yer tutduğunu göstərir.

Bundan əvvəl COP29 kimi nüfuzlu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi də buna nümunədir. Eyni zamanda son illərdə yalnız Bakıda deyil, işğaldan azad olunmuş ərazilərdə və Azərbaycanın regional mərkəzlərində də müxtəlif beynəlxalq tədbirlər təşkil olunub. Artıq Azərbaycan genişmiqyaslı beynəlxalq platformalara yüksək səviyyədə ev sahibliyi edə bilən dövlət imicini formalaşdırıb. Beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar da artıq bunun fərqindədirlər ki, BMT-nin bilavasitə patronajlığı ilə keçirilən mühüm tədbirlər Azərbaycanda təşkil olunur. Bu isə Azərbaycanın Cənubi Qafqazda əsas aparıcı və lider dövlət olduğunu bir daha nümayiş etdirir.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı AMİP –in sədri Arzuxan Əlizadə bildirib ki, bu cür tədbirlər yalnız şəhərsalma və urbanizasiya məsələlərini əhatə etmir.

Şəhərsalma Forumu da təkcə bu sahə ilə məhdudlaşmır.

Deputatın fikrincə, belə beynəlxalq platformalar eyni zamanda ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, iqtisadi, siyasi və ticari əlaqələrin genişlənməsi, logistik imkanların daha da güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu isə Azərbaycana əlavə siyasi və iqtisadi dividendlər qazandırır.

Bakı şəhərinin özü də forum iştirakçılarına təqdim olunan əsas mesajlardan biridir.

Bir tərəfdə qədim tarixə malik İçərişəhər, digər tərəfdə isə müasir memarlıq nümunələri və yeni infrastruktur layihələri Bakıda tarixiliklə müasirliyin necə uzlaşdırıldığını nümayiş etdirir.

Ötən əsrin əvvəllərində neft bumu dövründə Qərb iş adamlarının Bakıya gələrək şəhərin infrastrukturunun formalaşmasında iştirakı bu gün də şəhərin memarlıq simasında özünü göstərir.

Tarixi binaların qorunması ilə yanaşı, müasir tələblərə cavab verən yeni layihələrin həyata keçirilməsi Bakıda xüsusi urbanistik kontrast yaradıb. Bu kontrastın beynəlxalq ictimaiyyətə təqdim olunması da forumun əsas mesajlarından biri hesab edilə bilər.

Deputat bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda qısa müddət ərzində həyata keçirdiyi genişmiqyaslı layihələrlə beynəlxalq diqqət mərkəzinə çevrilib. Son beş il ərzində həmin ərazilərdə üç beynəlxalq hava limanının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, geniş bərpa-quruculuq işlərinin aparılması, alternativ enerji layihələrinin reallaşdırılması, yeni su hövzələrinin yaradılması Azərbaycanın ortaya qoyduğu inkişaf modelinin əsas göstəricilərindəndir: “Bununla yanaşı, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin həyata keçirilməsi, minalardan təmizləmə prosesi ilə paralel şəkildə yeni şəhərlərin və kəndlərin salınması, müasir məktəblərin, ali təhsil müəssisələrinin və digər sosial infrastruktur obyektlərinin tikilməsi də xüsusi diqqət çəkir. Bu gün Qarabağda həyata keçirilən layihələr artıq təkcə Azərbaycanın daxili inkişaf proqramı deyil, müasir şəhərsalma nümunəsi kimi də beynəlxalq platformalarda təqdim olunur”.

Arzuxan Əlizadə vurğulayıb ki, WUF13 forumu da bu baxımdan Azərbaycanın əldə etdiyi nəticələri beynəlxalq ictimaiyyətə nümayiş etdirmək üçün mühüm platformaya çevrilib. Bu forum həm də Azərbaycanın beynəlxalq imicinin müsbət fonda formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.

“Bu gün artıq sirr deyil ki, Azərbaycan regionun əsas aparıcı gücüdür. Ölkə həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan Cənubi Qafqazın lider dövlətidir. Azərbaycanın logistik imkanları, enerji resursları və balanslaşdırılmış xarici siyasət modeli onun beynəlxalq nüfuzunu daha da artırır. Bütün bunlar Azərbaycanın yalnız regionun deyil, artıq qlobal miqyasda strateji əhəmiyyətə malik dövlət imici formalaşdırdığını göstərən əsas amillərdəndir”-deyə deputat qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
bizimyol.info

1Mənbələr