ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin və "Euronews"un Bakı ofisinin rəhbəri Nadira Tudorun moderatorluq etdiyi tədbir münaqişələr, iqlim şokları və təbii fəlakətlərdən zərər çəkmiş şəhərlərdə mənzil təminatının böhrana reaksiya, bərpa və yenidənqurma proseslərinin mərkəzində yerləşdirilməsinin səbəblərini araşdırıb.
Sessiyada mənzil, torpaq və mülkiyyət hüquqlarının qorunması ilə yanaşı, hökumətlərin, icmaların və özəl sektorun evləri və məhəllələri geniş miqyasda necə yenidən qura biləcəyi nəzərdən keçirilib.
Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 12-ci Ali Komissarı Bərham Salehin videomüraciəti nümayiş etdirilib.
Sessiyada Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax, “International Organization for Migration” (IOM) təşkilatının Əməliyyatlar üzrə baş direktor müavini Ugochi Daniels, Beynəlxalq Ətraf mühit və inkişaf institutunun tədqiqatlar və strateji təsir üzrə direktoru Lüsi Erl, "Build Change" təşkilatının baş icraçı direktoru Juan Caballero, Dohanın Məhəmməd bin Xəlifə Universitetinin professoru Sultan Barakat, BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Paula Gaviria və digərləri çıxış ediblər.
Bildirilib ki, ilk növbədə, şəhərlərin dağıdılmasının və icmaların didərgin salınmasının qarşısı alınmalıdır. Çünki şəhər böhranları, əslində, insan hüquqlarının pozulmasına görə məsuliyyət mexanizmlərinin zəifləməsinin, beynəlxalq humanitar hüquqa və insan hüquqlarına hörmətin aşınmasının nəticəsidir.
Nəzərə çatdırılıb ki, beynəlxalq sistemin humanitar yardıma daha çox arxalanması bəzən insanların öz gələcəklərini qurmaq və təşkilatlanmaq bacarığını zəiflədir. İnsanların öz resurslarını, enerjilərini və motivasiyalarını qoruyub saxlamaq, onları "qurban" kimi deyil, prosesin fəal iştirakçısı kimi görmək lazımdır.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.











Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.