AZ

Təhsildə yeni problem: artıq qızlar oxuyur, oğlanlar geridə qalır...

Son illərdə təhsil sahəsində aparılan islahatlar nəticəsində xüsusilə qızların təhsilə cəlb olunması istiqamətində mühüm irəliləyişlər əldə olunub. Bu proses gender bərabərliyi baxımından müsbət nəticələr versə də, paralel olaraq yeni bir mövzunu - oğlanların təhsili və davranışları məsələsini də gündəmə gətirib.

Artıq bir sıra mütəxəssislər və müəllimlər oğlan uşaqlarının təhsildən uzaqlaşma riskinin artdığını və bu istiqamətdə ayrıca yanaşmaya ehtiyac olduğunu vurğulayırlar.

Bəs oğlan uşaqlarının təhsildən uzaqlaşmasının qarşısını almaq üçün məktəb və ailə hansı addımları atmalıdır?

AzEdu.az mövzu ilə bağlı “İlin gənc müəllim”lərin fikirlərini öyrənib.

Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, “İlin gənc müəllimi - 2024” müsabiqəsinin qalibi Əlihüseyn Yaqubov bildirib ki, “oğlanlar oxusun” şüarı ilə çıxış etməyin vaxtı çatıb:

177290

“Ölkəmizdə aparılan təhsil islahatları çərçivəsində son 5–10 il ərzində “qızların təhsili” ilə bağlı layihələr haqqında çox eşidirik. Qızların təhsil alması, onların oxuması istiqamətində atılan bu addım təbii ki, çox müsbət və vacib idi və öz effektini də verməkdədir. Xüsusilə gender bərabərliyi baxımından qızların rolu və çəkisi daha da artıb.

Bununla yanaşı, bu istiqamətdə görülən işlər yeni bir reallığı da ortaya çıxarıb. Belə ki, ölkədə qızların və qadınların təhsili ilə bağlı ciddi addımlar atılıb və artıq konkret nəticələr də əldə olunmaqdadır. Azərbaycanlı qızlar dünyanın nüfuzlu universitetlərində təhsil alır, həm beynəlxalq şirkətlərdə, həm də ölkəmizdə müxtəlif vəzifələrdə fəaliyyət göstərirlər.

Amma bununla bərabər, artıq oğlanların təhsili ilə bağlı da ciddi bir sual ortaya çıxıb. Xüsusilə son vaxtlar baş verən hadisələr göstərir ki, məktəblərdə baş verən bəzi problemlərin əsas iştirakçıları daha çox oğlanlardır. Ətrafımızda, digər rayonlarda, eləcə də mənim işlədiyim Qarabağ kənd tam orta məktəbində də bu istiqamətdə artıq bir sual yaranıb: oğlanların təhsili ilə bağlı hansı addımlar atılmalıdır?

Artıq düşünürəm ki, “oğlanlar oxusun” şüarı ilə çıxış etməyin vaxtı çatıb. Çünki müəyyən bir mərhələyə qədər, məsələn, beşinci-altıncı sinfə qədər uşaqları həm qız, həm də oğlan olmaqla idarə etmək nisbətən daha asan olur”.

Oğlanlar cəmiyyətin əsas aparıcı qüvvələrindən biridir. Onların təhsilə cəlb olunması üçün artıq qurumlar birgə fəaliyyət göstərməli və bu istiqamətdə işlər görülməlidir:

"Amma o yaşdan sonra, xüsusilə ataların müəyyən işlərdə olmaları və axşamlar evə gec
gəlmələri səbəbindən onların oğlanlara nəzarəti bir qədər zəifləyir. Xüsusilə İKT-nin sürətlə inkişaf etdiyi, internet resurslarının genişləndiyi dövrdə oğlanların müxtəlif neqativ hallara meyli daha çox olur. Bu vəziyyət bizim məktəbdə və ətrafımızda da hiss olunmaqdadır. Söhbət zərərli vərdişlərdən, eləcə də müxtəlif neqativ internet resurslarının təsirindən gedir.

Düşünürəm ki, artıq bunun ətrafında da hansısa bir siqnal vermək vaxtıdır. Xüsusilə oğlanlar cəmiyyətin əsas aparıcı qüvvələrindən biridir və Vətən müharibəsi zamanı da minlərlə igidimiz qəhrəmanlıq göstərib. Bununla yanaşı, oğlanlarımız arasında kifayət qədər yüksək savada malik, müxtəlif peşələrə sahib olanlar da az deyil. Amma eyni zamanda digər istiqamətdə də müəyyən bir faiz artımı müşahidə olunur. Düşünürəm ki, bununla bağlı artıq qurumlar birgə fəaliyyət göstərməli və bu istiqamətdə işlər görülməlidir. Xüsusilə gənc və yeniyetmə yaşlarında oğlanların avaralığa, kobud şəkildə desək, neqativlərə meyli daha çox olur".

İbtidai sinif müəllimi, “İlin gənc müəllimi - 2024” müsabiqəsinin qalibi Təranə Nuriyeva qeyd edib ki, artıq “oğlanlar özləri böyüyər” düşüncəsindən uzaqlaşmalı və onların emosional, psixoloji və sosial inkişafına daha həssas yanaşmalıyıq:

177287

“Son dövrlərdə məktəblərdə müşahidə etdiyimiz ən ciddi məsələlərdən biri oğlan uşaqlarının yeniyetməlik dövründə təhsildən uzaqlaşma riskinin artmasıdır. Xüsusilə 5-6-cı siniflərdən sonra davranış dəyişiklikləri, aqressiya, dərsə marağın azalması, virtual aludəçilik və küçə mühitinə meyl daha qabarıq görünür. Bu, təkcə məktəbin deyil, ailənin və ümumilikdə cəmiyyətin ortaq məsuliyyətidir. Məncə, artıq “oğlanlar özləri böyüyər” düşüncəsindən uzaqlaşmalı və onların emosional, psixoloji və sosial inkişafına daha həssas yanaşmalıyıq.

Elmi araşdırmalar göstərir ki, yeniyetmə oğlanlarda davranışın formalaşmasında kişi modelinin rolu olduqca böyükdür. Psixoloq Albert Banduranın sosial öyrənmə nəzəriyyəsinə əsasən, uşaqlar ən çox müşahidə etdikləri davranışları təkrarlayırlar. Bu baxımdan, atanın ailədə iştirakı sadəcə maddi təminatla məhdudlaşmamalıdır. Ata övladı ilə gündəlik ünsiyyət qurmalı, onun maraqları ilə məşğul olmalı, birlikdə fəaliyyətlər planlamalıdır. Çünki oğlan uşağı yeniyetməlik dövründə özünü kiməsə bənzətmək istəyir. Əgər evdə sağlam kişi modeli görmürsə, onu küçədə, sosial şəbəkələrdə və ya təhlükəli virtual mühitdə axtarmağa başlayır”.

Məktəblər yalnız “valideyn iclası” formatından çıxaraq “ata iştirakı proqramları” təşkil etməlidir:

“Bu gün bir çox valideyn “uşaq telefonla oynayırsa, evdədir, təhlükəsizdir” deyə düşünür. Halbuki virtual məkan artıq real küçədən daha təhlükəli ola bilir. Oğlan uşaqları xüsusilə aqressiv oyunların, mənfi influencerlərin, qeyri-sağlam kişi obrazlarının və sürətli dopamin yaradan kontentlərin təsiri altına düşürlər. Beyin inkişafı baxımından da yeniyetmə dövründə impulsların idarə olunması tam formalaşmadığı üçün onlar riskli davranışlara daha açıq olurlar. Buna görə ailədə rəqəmsal nəzarət və rəqəmsal savadlılıq vacibdir.

Mən hesab edirəm ki, ataların rolu burada xüsusi olaraq aktivləşdirilməlidir. Məktəblər yalnız “valideyn iclası” formatından çıxaraq “ata iştirakı proqramları” təşkil etməlidir. Məsələn, məktəbdə “Ata və oğul günü”, birgə idman yarışları, texnologiya layihələri, emalatxana fəaliyyətləri və peşə tanıtımları keçirilə bilər. Təcrübə göstərir ki, oğlan uşaqları praktik fəaliyyətlərə daha çox maraq göstərirlər. Onların enerjisini qadağalarla deyil, düzgün istiqamətləndirmə ilə idarə etmək mümkündür.

Məktəbdə oğlan şagirdlər üçün xüsusilə STEM, robototexnika, idman, kibertəhlükəsizlik, süni intellekt, texniki yaradıcılıq və peşə bacarıqları üzrə klubların artırılması çox vacibdir. Çünki yeniyetmə oğlanın enerjisi boş qalanda destruktiv istiqamətə yönəlir. Məsələn, məktəbdə dron, kodlaşdırma və ya idman komandalarında iştirak edən şagird həm özünü faydalı hiss edir, həm də aidiyyət duyğusu qazanır. Bu isə riskli davranışların qarşısını alan ən mühüm amillərdən biridir”.

Oğlanlarımızı yalnız problem yarananda xatırlasaq, gecikmiş olarıq:

“Digər vacib məsələ məktəbdə psixoloji müşahidənin gücləndirilməsidir. Bəzən dərsə maraqsız görünən oğlan uşağı əslində diqqət çatışmazlığı, emosional boşluq və ya özünüifadə problemi yaşayır. Müəllim onu “tənbəl” kimi deyil, dəstəyə ehtiyacı olan yeniyetmə kimi görməlidir. Məktəb psixoloqları və sinif rəhbərləri valideynlərlə davamlı əlaqədə olmalı, xüsusilə risk qrupunda olan uşaqlarla fərdi iş aparmalıdırlar.

Məncə, bu gün oğlan uşaqlarına ən çox lazım olan şey nəzarətdən əvvəl sağlam münasibətdir. Uşaq özünü ailədə və məktəbdə dəyərli hiss etdikdə həm dərsə bağlanır, həm də zərərli vərdişlərdən uzaq durur. Əgər biz oğlanlarımızı yalnız problem yarananda xatırlasaq, gecikmiş olarıq. Onları erkən yaşlardan dinləmək, məsuliyyət vermək, faydalı fəaliyyətlərə yönəltmək və sağlam kişi nümunələri ilə əhatə etmək artıq zamanın tələbidir”.

Seçilən
17
azedu.az

1Mənbələr