Afrika şəhərlərində kirayə mənzil bazarı uzunmüddətli perspektivdə ən cəlbedici investisiya istiqamətlərindən biridir.
"APA-Economics" xəbər verir ki, bunu Miyamoto International şirkətinin nümayəndəsi Olivia Nielsen Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Kapital, potensial və bazar etimadı" panelində bildirib.
"Əgər bütün pul dünyada məndə olsaydı, onu Afrika şəhərlərində kirayə mənzil sektoruna yatırardım", - deyə O.Nielsen vurğulayıb.
Onun sözlərinə görə, Afrika şəhərlərinin əhalisi sürətlə artır, torpaq qiymətləri yüksəlir və gələcəkdə mənzil tikintisi daha da çətinləşəcək. Bununla belə, investorların əsas narahatlığı tələbatın həcmi deyil, ödəmə qabiliyyətli tələbatın mövcudluğu və investisiyaların hüquqi baxımdan qorunmasıdır.
O əlavə edib ki, Afrikada kirayə mənzil bazarının inkişafı üçün risklərin daha aydın qiymətləndirilməsi və investorların etimadını artıran mexanizmlərin formalaşdırılması vacibdir.