AZ

Böyük Qayıdış: şəhərsalma nümunəsi

ain.az bildirir, Ses qazeti portalına istinadən.

Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan 2020-ci ilin noyabrında işğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb. Təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyük Qayıdış Dövlət Proqramını həyata keçirir. Azərbaycan Hökumət Komissiyasının qiymətləndirməsinə əsasən, hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir.

Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur.

ŞÜKÜRBƏYLİDƏ YENİ HƏYAT

Bu gün növbəti köç karvanı ilə Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar. Bu mərhələdə Şükürbəyli kəndinə 39 ailə olmaqla 165 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, kənd tam müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Kənddə hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Bununla yanaşı, 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.

Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndləri və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla ümumilikdə 2522 nəfərin 615 ailənin köçürülməsi nəzərdə tutulur. Beləliklə, uzun illər həsrətlə doğma yurda qayıdışı gözləyən insanlar üçün Şükürbəylidə yeni həyat başlayıb. Burada həyata keçirilən quruculuq işləri Böyük Qayıdış proqramının uğurlu icrasının daha bir nümunəsidir. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

AZƏRBAYCANIN İQTİSADİ QÜDRƏTİNİN GÖSTƏRİCİSİ

Azərbaycan nailiyyətləri ilə dünya birliyində sayılıb-seçilən, təşəbbüsləri və nəhəng iqtisadi layihələri ilə bütün bəşəriyyətə fayda verən dövlətlər sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmiz iqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrilir. Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi istiqamətində böyük nailiyyətlər əldə edib. Son illərin reallıqları bir daha göstərir ki, ölkəmizdə icra olunan islahatlar, həyata keçirilən dövlət proqramları bütün sahələrdə uğurların əldə olunması ilə nəticələnib. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir".

Təbii ki, avtomobil yolları da hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Rayonlar, kəndlər və qəsəbələrarası avtomobil yolu layihələrinin icrası uğurla həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Bu yol başlanğıcını "Zəfər yolu"ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir. Layihəyə əsasən, yolun 6,7 kilometrliyində "Qarğabazarı" adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunub. Körpünün uzunluğu 18 metr, eni isə 21 metrdir.

HAMI ÜÇÜN BƏRABƏR İMKANLAR

Böyük Qayıdış Proqramı Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üzrə elan etdiyi beş əsas milli prioritetindən biridir. Proqramın hazırlanması zamanı beynəlxalq təcrübə, müasir çağırışlar və azad edilmiş ərazilərin potensialı nəzərə alınıb. Eyni zamanda, BMT və digər beynəlxalq təşkilatların qlobal inkişaf prioritetləri ilə uyğunluq təmin olunub, Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanaraq “hamı üçün bərabər imkanlar”, “inklüziv yanaşma” və “heç kimin geridə qalmaması” prinsipləri rəhbər tutulub. Bu gün Azərbaycan Qarabağ və ətraf ərazilərin bərpası, yenidən qurulması və məcburi köçkünlərin mərhələli qayıdışını təmin etmək kimi mühüm bir missiyanı həyata keçirir. Artıq 12 rayon və 11 şəhər daxil olmaqla 91 yaşayış məntəqəsi üzrə yeni məskunlaşma planları təsdiqlənib: “Bu, dünya urbanistika və memarlıq təcrübəsində çox nadir və unikal nümunələrdən biridir. Bundan əlavə, minalanmış ərazilərin xəritələrinin tam şəkildə təqdim olunmaması səbəbindən mülki əhali üçün ciddi təhlükə qalmaqdadır. 2020–2024-cü illər ərzində mina partlayışları nəticəsində 420-dən çox insan həlak olub və ya ağır yaralanıb. Onların arasında doğma yurdlarına qayıtmaq istəyən keçmiş məcburi köçkünlər də var. Bütün bu çətinliklərə, mina təhlükəsi və genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan dövləti bu prosesi qətiyyətlə davam etdirir.

ZƏFƏR YOLUMUZ

Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib. Qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən "Zəfər yolu" adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olunub. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.

İşğaldan azad olunan ərazilərimiz özünün yeni inkişaf mərhələsini yaşayır. Qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi bu ərazilərin dirçəlməsinə və inkişafına xidmət göstərir.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
sesqazeti.az

1Mənbələr