AZ

Bakının uğurlu manevrləri Azərbaycana qərəzli yanaşanların sayını azaldır…



Azərbaycana qərəzli yanaşanların sayı azalıb, çünki onlara qrant verənlərin də sayı azalıb. Bunu Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan bu tip qarayaxma kampaniyalarına fikir vermir: “Avropa Parlamentində son 5 ildə 10-dan çox ölkəmizə qarşı qətnamə qəbul edilib. Bu qətnamələri qəbul edənlərin özləri hansı məsələ haqqında danışdıqlarından xəbərsizdirlər”. H.Hacıyev qeyd edib ki, Azərbaycanın yürütdüyü siyasət və dünya ictimaiyyətində olan hörməti göz önündədir: “Azərbaycan bu gün dünyanın diplomatik mərkəzi rolunda çıxış edir. Elə bu səbəbdən qlobal məsələlər Azərbaycanda müzakirə olunur”. Qeyd edək ki, Azərbaycan özünün milli dəyərlərini təqdim etməklə yanaşı, ölkəmizdə əsrlər boyu mövcud olan multikultural və tolerant dəyərləri bütün dünyaya nümayiş etdirir. Dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün vətəndaşlara və qonaqlara hörmətlə yanaşılır, onların təhlükəsizliyi təmin olunur. Son illər həm yerli, həm də qlobal əhəmiyyətli çoxsaylı sammitlərin, forumların, konfrans və seminarların ölkəmizdə təşkili, eyni zamanda, xalqımızın mədəni dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə qarşılıqlı əlaqəsini təbliğ edən festival və müsabiqələrin, idman yarışlarının məhz respublikamızda keçirilməsi Azərbaycan xalqının və dövlətinin dünyaya ən böyük töhfəsidir. Bununla belə, bəzi Qərbi Avropa dövlətlərinin bu proseslə bağlı narahatlıq nümayiş etdirdiyi də diqqətdən yayınmır. Bunun səbəbi, uzun illər ərzində “regionda sülhün və əmin-amanlığın bərqərar olunması” ilə bağlı bəyanatlar səsləndirən həmin dairələrin nəticəsiz fəaliyyətinə baxmayaraq, bölgədə yeni reallıqları və sülh gündəliyini məhz Azərbaycanın özünün formalaşdırmasıdır. Bu fonda vaxtilə Azərbaycana qarşı informasiya müharibəsi aparan, ölkənin haqlı mövqeyini görməzdən gələn bəzi siyasi mərkəzlər bu gün yeni reallıqları qəbul etməyə məcbur olurlar. Azərbaycan, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra regionda tamamilə yeni siyasi və strateji reallıq formalaşdırdı. Uzun illər ərzində beynəlxalq təşkilatların ikili standartlara əsaslanan yanaşması nəticəsində Ermənistanın işğal siyasətinə real təzyiq göstərilməmişdi. ATƏT-in Minsk qrupu kimi qurumların fəaliyyətsizliyi, qəbul edilmiş qətnamələrin icra olunmaması və işğal faktına laqeyd münasibət Azərbaycanda haqlı narazılıq yaratmışdı. Lakin Azərbaycan öz gücü hesabına beynəlxalq hüququ təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə təkcə hərbi uğur deyildi; eyni zamanda Qərbdə formalaşdırılmış “Azərbaycan zəif və asılı dövlətdir” tezisinin də iflası idi. Müharibədən sonra regionda yaranmış yeni reallıq göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal geosiyasi proseslərdə də mühüm aktora çevrilib.

Bu gün Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu danılmazdır. Xüsusilə enerji böhranı fonunda Avropa dövlətləri Azərbaycanla əməkdaşlığın alternativsiz olduğunu anlamağa başladılar. Azərbaycanın həyata keçirdiyi Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji şaxələndirilməsi siyasətində mühüm yer tutur. Beynəlxalq ekspertlər də Azərbaycanın Avropa üçün strateji tərəfdaş statusunu təsdiqləyir. Əslində, Qərbin müəyyən dairələrinin Azərbaycana qarşı qərəzli münasibətinin əsas səbəblərindən biri ölkənin müstəqil siyasət yürütməsi idi. Azərbaycan nə hansısa siyasi blokun təzyiqi altına girdi, nə də milli maraqlarını xarici təsirlərə qurban verdi. Məhz balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. Bu gün Bakı həm Şərqlə, həm Qərblə, həm də türk dünyası ilə uğurlu əməkdaşlıq qura bilən nadir paytaxtlardan biridir. Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi də qərəzli kampaniyaların təsirsizliyini ortaya qoyur. COP29 və Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi qlobal əhəmiyyətli tədbirlərin Bakıda keçirilməsi ölkənin artan nüfuzunun göstəricisidir. Vaxtilə Azərbaycanı təcrid etməyə çalışan dairələr indi Bakı ilə əməkdaşlığı vacib hesab edir. Çünki Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də nəqliyyat, logistika və yaşıl enerji sahəsində regional mərkəzə çevrilməkdədir. Bununla yanaşı, Qərbdəki bəzi dairələrin Azərbaycana qarşı insan hüquqları və demokratiya adı altında selektiv yanaşması da artıq əvvəlki təsirini itirib. Çünki beynəlxalq ictimaiyyət ikili standartları daha aydın görməyə başlayıb. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın artan rolu da bəzi dairələri narahat edir. Azərbaycan artıq yalnız enerji ölkəsi deyil, həm də mühüm geosiyasi körpü rolunu oynayır. Şərq-Qərb nəqliyyat dəhlizinin əsas iştirakçılarından biri kimi Bakı Avrasiya məkanında strateji əhəmiyyətini daha da artırır. “The Times of Central Asia” nəşri bu fonda yazır ki, Azərbaycan Mərkəzi Asiyanın resursları üçün daha geniş bazarlara çıxışı təmin edən strateji qapıdır: “Artan qlobal qeyri-sabitlik və universal beynəlxalq institutların zəifləməsi fonunda “orta dövlətlərin”rolları artır. Bu, böyük dövlət statusuna malik olmadan regional siyasətə təsir göstərə bilən dövlətdir. Dəyişən sistemdə Mərkəzi Asiya tədricən geosiyasi periferiyanın hazırkı imici çərçivəsindən kənara çıxır və ümumi maraqları olan bir region kimi fəaliyyət göstərməyə başlayır. Bu gün Mərkəzi Asiya klaster effekti kimi təsvir oluna bilən amil sayəsində getdikcə daha böyük fəallıq təmin edir: ayrı-ayrılıqda ölkələr məhdud təsirə malikdirlər, lakin birlikdə onlar Avropa və Asiya arasında inkişaf edən, resurs bazalarını və strateji təhlükəsizlik zonasını təmin edən kritik tranzit qovşağı yaradırlar. Bu, vahid regional mövqenin hələ tam formalaşmadığı, lakin formalaşmaqda olduğu bir şəraitdə daha koordinasiyalı regional mövqe üçün imkan yaradır. Bu prosesin institusional əsasını hazırda Azərbaycanın iştirakı sayəsində genişlənən Mərkəzi Asiya liderlərinin məsləhətləşmə formatı təşkil edir. Bu, vaxtilə “C5” formatında olan dialoqu nəqliyyat, energetika və praktiki əməkdaşlığa yönəlmiş “C5+Azərbaycan” formatına çevirir. Sistem çərçivəsində region ölkələri daha əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməyi öyrənirlər”. Maraqlıdır ki, əvvəllər Azərbaycana qarşı sərt mövqe nümayiş etdirən bir çox Qərb siyasətçiləri indi əməkdaşlıq və dialoqdan danışırlar. Bunun əsas səbəbi dəyişən geosiyasi reallıqlardır. Enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, regional sabitlik və təhlükəsizlik məsələləri Qərbi Azərbaycanla daha praqmatik münasibət qurmağa vadar edir. Azərbaycanın uğurlu siyasəti onu göstərdi ki, milli maraqlara söykənən müstəqil dövlət modeli mümkündür və effektivdir. Qərəzli kampaniyalar, informasiya təzyiqləri və siyasi manipulyasiyalar ölkənin inkişafını dayandıra bilmədi. Əksinə, Azərbaycan regionun əsas siyasi və iqtisadi güclərindən birinə çevrildi. Bu gün artıq aydın görünür ki, Azərbaycana qarşı qərəzli yanaşma öz məqsədinə çatmayıb. Reallıq dəyişib və bu reallığı hətta əvvəllər qərəzli mövqe sərgiləyən dairələr də qəbul etməyə başlayırlar. Azərbaycanın beynəlxalq nüfuzu, strateji əhəmiyyəti və müstəqil siyasəti onun qlobal mövqeyini daha da gücləndirir.

Tahir TAĞIYEV

Seçilən
12
baki-xeber.com

1Mənbələr