Qlobal mənzil problemlərinin həlli üçün gündəlik müəyyən etmiş bu forum böyük əhəmiyyət daşıyır. Azərbaycan isə beynəlxalq səviyyədə tanınan şəhərsalma təcrübəsi və ənənələri ilə bu tədbirə bazar ertəsindən etibarən uğurla ev sahibliyi edir. Mən də bu fürsətdən istifadə edərək forumun işinə və bugünkü sessiyaya uğurlar arzulayıram.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı və gücləndirici mədəni canlandırma" adlı müzakirədə deyib.
Onun sözlərinə görə , prezident İlham Aliyev tərəfindən bu ilin Azərbaycanda “Şəhərsalma ili” elan olunması hökumətin dayanıqlı və davamlı şəhər planlaşdırılmasını inkişaf etdirmək istiqamətində güclü iradəsinin göstəricisidir.
Hörmətli iştirakçılar, tarix boyu mədəni irs münaqişələr və fəlakətlər zamanı ən həssas sahələrdən biri olub. Beynəlxalq müqavilələrin mövcudluğuna baxmayaraq, qədim tarixi və dini abidələr hərbi toqquşmalar zamanı hələ də ən çox zərər görən obyektlərdəndir. Münaqişələr həmçinin qeyri-maddi mədəni irsi, ənənələri, yerli incəsənəti, musiqini, ədəbiyyatı və insanları birləşdirən gündəlik həyat dilini də məhv edir.
UNESCO-nun qeyd etdiyi kimi, mədəni irsə hücum insanların kimliyinə, ləyaqətinə və gələcəyinə hücumdur. Buna görə də biz razıyıq ki, mədəni irsin qorunması yalnız mədəni məsələ deyil, həm də ümumbəşəri humanitar məsuliyyət və davamlı inkişafın, sabitliyin əsas şərtidir. Beynəlxalq ictimaiyyət bunu təkcə etik məsələ kimi deyil, beynəlxalq öhdəlik kimi də qəbul edib.
Ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra dövlət başçısının rəhbərliyi ilə misilsiz postmünaqişə bərpa proqramı həyata keçirilməyə başlanıb , Böyük Qayıdış proqramı. Qarabağ və Şərqi Zəngəzurda qısa müddət ərzində dağıntılar dirçəlişlə əvəz olunub. Azad edilmiş ərazilərdə yeni şəhərlər, kəndlər, körpülər, məktəblər, muzeylər, mədəniyyət müəssisələri və yaşıl enerji infrastrukturu qurulur. Tarixi məscidlər və abidələr bərpa edilir, mədəni həyat yenidən canlanır.
Bu gün azad edilmiş ərazilərdə yerləşən bütün maddi mədəni irs nümunələri Mədəniyyət Nazirliyinin ciddi nəzarəti altındadır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq həmin ərazilərdə sistemli bərpa işləri davam edir.
Mədəni irsin bərpası yalnız dağıdılmış abidələrin fiziki yenidən qurulması ilə məhdudlaşmır. Bu proses həm də bölgənin zəngin mədəni ənənələrinin dirçəldilməsini əhatə edir. Qarabağ Beynəlxalq Musiqi Festivalı və Bakı Poeziya Günləri kimi tədbirlərin yenidən keçirilməsi bu prosesə mühüm töhfə verir.
Təcrübəmiz bizə daha dərin bir həqiqəti öyrədib: bərpa yalnız dağıdılmışı yenidən qurmaq demək deyil.