AZ

İsrailli nazir öz hökumətini də pis duruma salıb Beynəlxalq etirazlar artır

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

İsrailin Fələstinə humanitar yardım aparan “Sumud” donanmasına qarşı qəddarlığına beynəlxalq etirazlar artmaqdadır. 

Bu ölkənin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin donanmadakı mülki şəxslərə qarşı hərəkətlərinin yer aldığı video İsrail üçün sadəcə diplomatik qalmaqal deyil, həm də ifşa predmetinə çevrilib.

Kadrlarda saxlanılan Qəzza flotiliyası iştirakçılarının biləklərində qandal, diz çökdürülərək silahlı təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alındığı, bu zaman səsgücləndiricilərdən İsrail himninin səsləndiyi görünür. Ben-Qvirin özü isə bu tamaşanın “rejissoru” kimi İsrail bayrağını yelləndirir.

“AzPolitika” xəbər verir ki, baş vermis bu hadisəyə görə İsrailə yönələn beynəlxalq təzyiq və tənqidlər artır. Əvvəlcə İtaliya hökuməti İsrail səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Baş nazir Giorgia Meloni və Xarici İşlər naziri Antonio Tayani videonu "qəbuledilməz" adlandırıblar və İsrailin italyanlar da daxil olmaqla, saxlanılanların "insan ləyaqətinin alçaldılması"na görə üzr istəməsini tələb ediblər.

Ardınca Fransa da İsrail səfirini çağırıb və flotiliya fəallarına qarşı rəftara rəsmi şəkildə etiraz edib.

İspaniya Xarici İşlər naziri Xose Manuel Albarez hadisəni "dəhşətli, qeyri-insani və ləyaqətsiz" adlandırıb. İspaniya İsrailin diplomatik nümayəndəsi Dana Erlixi çağıraraq, onun ölkəsinin beynəlxalq ictimaiyyətdən üzr istəməsini tələb edib.

İrlandiya hakimiyyəti də saxlanılanlara qarşı rəftarı açıq şəkildə pisləyib. Bu ölkənin XİN başçısı həmin videodan "şoka düşdüyünü" bildirib. Qeyd edək ki, həmin donanma iştirakçıları arasında İrlandiya vətəndaşları, o cümlədən İrlandiya Prezidentinin qohumu da olub.

Cənubi Koreya da öz vətəndaşlarının saxlanılmasına etiraz edib və İsrail hakimiyyətinin hərəkətlərini tənqid edib.

Nazirin davranışları hətta hazırkı ifrat sağçı İsrail hökumətini də pis vəziyyətdə qoyub. Baş nazir Benyamin Netanyahu bununla bağlı bəyanatla çıxış etməli olub və deyib ki, "nazir Ben-Qvirin donanma fəallarına qarşı rəftarı İsrailin dəyərlərinə və normalarına uyğun deyil". İsrail Xarici İşlər Naziri Gideon Saar isə Ben-Qviri ölkənin “beynəlxalq imicinə xələl gətirməkdə” günahlandırıb.

Sosial mediada və Avropa mətbuatında bu hadisə ilə bağlı əsas mövzu yalnız donanmanın saxlanılması deyil, həm də kamera qarşısında insanların nümayişkaranə şəkildə alçaldılması və nazirin bunu siyasi tamaşaya çevirməsidir. Şərhçilər bunu cəzasızlıqdan tamamilə yolunu azmış İsrail rəhbərliyinin bütün normaları aşmasının təsdiqi kimi göstərirlər.

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
azpolitika.info

1Mənbələr