ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Ağdam, 21 may, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irsimizin bərpası və milli-mənəvi dəyərlərimizin dirçəldilməsi dövlət siyasətinin əsas xətlərindən birini təşkil edir. Bu kontekstdə, Ağdam şəhərinin qədim keçmişini və dövlətçilik tariximizi özündə yaşadan rəmzi məkanlardan biri – Pənahəli xanın İmarət Kompleksi aparılan fundamental bərpa və yenidənqurma işlərindən sonra milli irs və turizm mərkəzi kimi fəaliyyətini uğurla davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, XVIII əsrin yadigarı olan bu kompleks 30 ilə yaxın davam edən işğal dövründə erməni vandalizminin qurbanı olaraq vəhşicəsinə dağıdılmış, türbələr təhqir edilmişdi. Şəhərin azad olunmasından dərhal sonra dövlətimiz tərəfindən aparılan yüksəksəviyyəli elmi bərpa və rekonstruksiya işləri nəticəsində abidə öz qədim memarlıq üslubuna və tarixi görkəminə tam uyğun şəkildə yenidən qurularaq, yerli və xarici ziyarətçilərin istifadəsinə verilib.
Hazırda İmarət Kompleksi Qarabağın zəngin mədəni kimliyinin qorunması, gənc nəslə tanıdılması və beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm elmi-mədəniyyət ocağı kimi fəaliyyət göstərir. Muzeyləşmə və müasir turizm infrastrukturunun tətbiqi sayəsində bura Ağdama gələn rəsmi nümayəndə heyətlərinin və turistlərin əsas ziyarət marşrutuna çevrilib.

İmarət Kompleksinin şöbə müdiri Aynurə Cəfərova bizimlə söhbətində mərkəzin qarşıya qoyduğu hədəflərdən və gələcək fəaliyyət planlarından danışıb: “Əsas məqsədimiz tarixi irsimizin qorunması, tanıdılması və ziyarətçilərə təqdim olunmasıdır. Məlum olduğu kimi, torpaqlarımızın 20 faizi işğal altında olduğu dövrdə tarixi-memarlıq abidələrimiz düşmən tərəfindən dağıdılıb. Həmin abidələrdən biri də bu kompleks idi. İmarət Kompleksi dağıdılmaqla yanaşı, təhqir edilərək heyvandarlıq təsərrüfatı kimi istifadə olunub. Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən XVIII əsrdə inşa olunan bu tarixi abidə işğal dövründə dağıdılmışdı. Torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində İmarət Kompleksinə yenidən həyat verildi. Bərpa işləri zamanı abidənin orijinallığı qorunub saxlanıldı”.
İmarət Kompleksini gəzərkən ilk diqqəti çəkən məqamlardan biri burada ziyarətçilərin rahatlığı üçün ən müasir texnoloji infrastrukturun qurulmasıdır. Məkanda tətbiq olunan innovativ texnologiyalar sayəsində qonaqlar bələdçiyə ehtiyac duymadan, xüsusi monitorlar və interaktiv fotoqalereya vasitəsilə kompleksin qədim tarixi haqqında ətraflı məlumat ala bilirlər. Bu rəqəmsal bələdçi sistemi abidənin beynəlxalq turizm standartlarına uyğun idarə olunmasının bariz nümunəsidir.
Uzun illərdən sonra doğma yurdlarına qovuşan və artıq Ağdama köçən yerli sakinlərin də ilk üz tutduqları müqəddəs məkan məhz bu tarixi İmarət Kompleksidir. Bu baxımdan İmarət sadəcə qədim memarlıq abidəsi deyil, həm də Qarabağ sakinlərinin yaddaşını və milli kimliyini yaşadan çox mühüm mənəvi dəyər mərkəzidir.
Təbii ki, bərpa olunan bu möhtəşəm məkan təkcə yerli vətəndaşların deyil, həm də rayona gələn əcnəbi turistlərin, beynəlxalq nümayəndə heyətlərinin böyük marağına səbəb olur. Regional miqyasda mühüm mədəniyyət ocağına çevrilən İmarət Kompleksi Qarabağın əsl tarixi reallıqlarının dünya ictimaiyyətinə düzgün çatdırılmasına və bütövlükdə Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfələr verir.
Müxbir-Aydın Yavərzadə















Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.