AZ

BDU-da “Diplomatın nitqi” layihəsinin iştirakçılarına sertifikatlar verilib

Bakı, 21 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Tədbirdə rektor Elçin Babayev qeyd edib ki, Azərbaycan diplomatiyası hazırda özünün ən güclü dövrünü yaşayır. Ölkəmizin siyasi, iqtisadi qüdrətini diplomatik cəbhədə qazandığımız uğurlar daha da möhkəmləndirir. BDU da bu mühüm prosesə öz töhfəsini verir. Rektor “Diplomatın nitqi” təlimlərinin beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərmək istəyən tələbələr üçün şans olduğunu qeyd edib. O bildirib ki, proqram çərçivəsində iştirakçılar nitq mədəniyyəti, ictimai çıxış bacarıqları, diplomatik ünsiyyət və özünü ifadə etmə sahəsində mühüm bilik və təcrübələr əldə ediblər. Bu, hər bir iştirakçının peşəkar və şəxsi inkişafına mühüm töhfə verib, liderlik bacarıqlarını inkişaf etdirib və gələcək fəaliyyətlərində daha inamlı çıxış etmələrinə şərait yaradıb: “Diplomatın nitqi yalnız düzgün danışmaq deyil, düşüncəni təsirli şəkildə çatdırmaq, qarşı tərəfi dinləmək, etimad yaratmaq və cəmiyyət qarşısında məsuliyyətlə çıxış etmək bacarığıdır. Gənclərin bu bacarıqlara yiyələnməsi gələcəyimiz üçün böyük ümid və inam yaradır. Təlimlərin ən sevindirici tərəflərindən biri də müxtəlif fakültələrdən olan tələbələrin bir araya gəlməsidir. Təlimlərdə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ilə yanaşı, Hüquq, Tarix, Jurnalistika, Şərqşünaslıq, hətta dəqiq və təbiət elmləri fakültələrini təmsil edən, eləcə də xarici ölkələrdən BDU-da təhsil alan gənclər iştirak ediblər. İnanıram ki, layihə çərçivəsində formalaşan bilik və təcrübə gələcək diplomatların uğurlarınının əsas dayaqlarından biri olacaq. Bu təlimlər onlar üçün yeni imkanların başlanğıcına çevriləcək”.

Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Vəfa İsmayılova layihə barədə məlumat verib. “Diplomatın nitqi” layihəsi çərçivəsində keçirilən təlimlər haqqında videoçarx nümayiş olunub.

Sonra Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Aytən Qurbanovanın moderatorluğu ilə “Sözün gücü: müasir diplomatiyanın fürsət və çətinlikləri” adlı panel sessiya təşkil olunub.

Sessiyada Milli Məclisin üzvləri Nigar Məmmədli və Rizvan Nəbiyev Azərbaycanın yürütdüyü çoxvektorlu xarici siyasətdə parlament diplomatiyasının “yumşaq güc” kimi rolu, Efiopiya Federativ Demokratik Respublikasındakı səfirimiz, ölkəmizin Afrika İttifaqı yanında daimi nümayəndəsi Ruslan Nəsibov bir cümlə və ya davranışın diplomatik fəaliyyətə təsiri, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə dövlətin rəsmi mövqeyinin effektiv və operativ çatdırılma yolları, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli isə beynəlxalq münasibətlər sistemində analitik düşüncənin əhəmiyyəti ilıə bağlı fikirlərini bölüşüb, şəxsi təcrübələrindən nümunələr çəkiblər.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri Hicran Hüseynova, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışlarında belə layihələrin gənclərin peşəkar kadr kimi yetişməyində mühüm rol oynadığını qeyd ediblər.

Sonda “Diplomatın nitqi” təlimlərini uğurla başa vuran tələbələrə sertifikatlar verilib.

Seçilən
15
azertag.az

1Mənbələr