Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Paşinyan hakimiyyəti bu seçkidə qalib gəlmək üçün bütün resurslarını və imkanlarını işə salıb. Bunların sırasında xalqa, daha doğrusu, müxalif siyasi dairələrə güc nümayişi də mövcuddur. Təbii ki, Paşinyan hakimiyyəti çox dəqiqliklə bilir ki, hazırda Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinə neqativ anlamda müdaxilə edən yalnız və yalnız Rusiyadır. Rusiya özünün agentura şəbəkəsini Ermənistanda hakimiyyət dəyişikliyi üçün tam şəkildə hərəkətə keçirib. Paşinyan hakimiyyəti də buna bacardığı qədər müqavimət göstərir. Ermənistanda keçiriləcək hərbi parad da seçki təbliğatına hesablanmış addım kimi qiymətləndirilir. Çünki bu seçkilər ərəfəsində Rusiyanın agentura şəbəkəsi Paşinyan hakimiyyətini Ermənistan ordusunu dağıtmaqda, gücdən salmaqda və zəiflətməkdə ittiham edir. Paşinyan hakimiyyəti isə hərbi parad vasitəsilə seçkilərə bir neçə gün qalmış həm Rusiyaya, həm də siyasi müxalifətə, daha dəqiq desək, Rusiyanın agentura şəbəkəsinə göstərmək istəyir ki, bu məsələdə aparılan informasiya savaşı yalandır və reallığa uyğun deyil. Ermənistan silah-sursat alır və ordunu guya hazır vəziyyətdə saxlayır. Təbii ki, istənilən halda hərbi paradlar qonşu ölkələrdə müəyyən reaksiyalar doğurur. Ancaq seçki ərəfəsində Paşinyan hakimiyyətinin keçirdiyi hərbi parad Azərbaycan üçün elə də ciddi problem yaratmır. Çünki həm Ermənistanda, həm də Ermənistanın himayədarları olan ölkələrdə tam dəqiqliklə bilirlər ki, Azərbaycan ordusu Ermənistan ordusundan qat-qat güclüdür və hərbi paradlarla Azərbaycana hər hansı təzyiq və yaxud təsir göstərmək mümkün deyil. Ermənistan ordusu yaxın onilliklərdə Azərbaycan ordusu ilə qarşıdurmaya hazır olmayacaq. Ermənistanın belə bir gücü, imkanı və hərbi potensialı mövcud deyil. Ona görə də bu daha çox ölkədaxili auditoriyaya hesablanmış addımdır.
Ekspert əlavə edib ki, eyni zamanda burada Rusiya ilə bağlı da müəyyən məqamlar ola bilər. Böyük ehtimalla Paşinyan hakimiyyəti Kremlə mesaj verir ki, əgər seçkilər ərəfəsində və yaxud seçkilərdən sonra hakimiyyətin zor gücü ilə dəyişdirilməsinə cəhd göstərilərsə, Ermənistan ordusu ölkə daxilində hərbi müqavimət imkanlarından istifadə edəcək. Yəni bu, daha çox Rusiyanın 102-ci hərbi bazasının hərəkətə gətirilməsinin yolverilməzliyinə yönəlmiş mesajdır. Buna paralel olaraq Ermənistanda gizli şəkildə silahlandırılmış dəstələrin hərəkətə keçərək silahlı vətəndaş qarşıdurması yaradacağı təqdirdə də sərt addımların atılacağına yönəlik mesaj verilir. Yəni bütün bunlar onu göstərir ki, seçkilərdən əvvəl və yaxud sonra Rusiya Ermənistanda hakimiyyətin dəyişdirilməsinə yönəlik hansısa addımlar atarsa, Paşinyan hakimiyyəti sərt addımlar atmaqda israrlı ola bilər. Bu da belə bir ehtimalı ortaya çıxarır ki, Paşinyan hakimiyyəti həm özünün, həm də Ermənistanın gələcək taleyini məhz bu seçkilərdə həll etmək niyyətində prinsipial mövqe tutub.
Səidə Ramazanova