Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə Müsavat Partiyasının Məclis sədri Arif Hacılının 1993-cü il 4 iyun qiyamından danışarkən Etibar Məmmədov barədə dediklərinə münasibət bildirib.
A.Əlizadə Pravda.az- da açıqlamasında deyib ki, növbəti dəfə Arif Hacılı bütün hadisələri kökündən təhrif edərək danışır.
Onun qeyd edib ki, vaxtilə Azərbaycanı dəhşətli fəlakətə sürükləyənlər, yarıtmaz idarəçilik ilə ölkədə vətəndaş qarşıdurmasına səbəb olanlar, torpaqların müəyyən hissəsinin itirilməsinə rəvac verənlər yenə yaxın keçmişdə olan, fiksə edilən, videogörüntüləri olan hadisələr barədə yalanlar danışırlar: “Bu yalan nəinki siyasətçiyə, heç insana yaraşmır. Birmənalı olaraq ozamankı AXC-Müsavat cütlüyünün hakimiyyətinin çökməsində əsas rolu oynayanlardan birincisi elə Arif Hacılı olub. Yarıtmaz fəaliyyətləri ilə Azərbaycanı olduqca bərbad vəziyyətə gətirib çıxarmışdılar. Azərbaycan Şimaldan, Cənubdan parçalanmaq üzrə idi. Sürət Hüseynovun qiyamından danışan adam bunu da deməlidir ki, Surət Hüseynova vəzifəni kim vermişdi? Ona vəzifələri kim tapşırmışdı? Surət Hüseynovu o dərəcədə kim şişirtmişdi? Sonradan onunla baş-başa gələrək böyük qarşıdurmaya səbəb olan kim idi? 4 iyun hadisələri əslində artıq yarıtmaz fəaliyyətin nəticəsi idi. Bütövlükdə xalqın dəstəyi ilə hakimiyyətə gələnlər xalqın dəstəyindən tam məhrum oldular, düzdə - ortalıqda qaldılar. Surət Hüseynovun qorxusundan hərəsi bir yerə qaçıb, pərən-pərən oldular. Etibar Məmmədovun Surət Hüseynovla görüşdüyünü deyən adam tam olaraq yalan danışır. Hələ başqa ifadələr işlətmək istəmirəm. Bu dərəcədə yalan danışmaq olmaz...” - Arzuxan Əlizadə bildirib.
AMİP sədrinin sözlərinə görə, Etibar Məmmədov 1993-cü il, iyunun 20-də Gəncəyə gedib: “Artıq tam olaraq vəziyyət dəyişmişdi, Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçilmişdi. İyunun 17-də Elçibəy heç kəsə demədən hakimiyyəti qoyub getdi, bir də məlum oldu ki, artıq Kələkidədir. Məlumata görə, bundan nə Elçibəyin öz ətrafının, nə də Arif Hacılının xəbəri olmuşdu. Surət Hüseynov da öz silahlı dəstələri ilə Bakıya doğru gəlmək istəyirdi. Belə bir məqamda Etibar Məmmədov Gəncəyə gedir, Surət Hüseynovla danışır və ona deyir ki, hadisələrdə müəyyən qədər xalq dəstəyini qazandın, amma Bakıya gələcəksənsə, bu, artıq qiyamdır və heç bir halda etmək olmaz. Razılaşırlar ki, dayanmaq lazımdır, çünki vəziyyət vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Əvvəl Surət Hüseynov razılaşdı, amma sonradan kimlərinsə təhriki ilə Bakıya doğru gəlməyə başladı. Digər hadisələr də yaddaşdadır. Tarix və faktlar elə şeydir ki, onların qarşısında heç bir yalan tab gətirə bilmir. O vaxt hakimiyyəti qoyub qaçanlar, vəzifələrini donduranlar, Surətin qorxusundan pərən-pərən düşüb harada gizləndikləri, başlarını haraya soxduqları bəlli olmayanlar hər dəfə 4 iyun hadisələri gələndə ağız dolusu danışırlar ki, guya Etibar Məmmədov - AMİP qiyama dəstək verib. Əksinə, həmin o sənədi dəfələrlə ortaya qoymuşuq. AMİP-nin Mərkəzi Şurasının sənədi, qərarı var. AMİP 4 iyun hadisələrini qiyam adlandıran yeganə siyasi təşkilatdır. Bir dənə siyasi təşkilat göstərin ki, həmin dövrdə Surət Hüseynovun addımlarını qiyam adlandırmış olsun. Yoxdur! Həmin dövrə aid protokollar, çıxarışlar və s. əlimizdədir. Mərkəzi Şuranın qərarı var. Hamısı çap olunub. O vaxtkı mətbuatda da məlumatlar qalır. Tanış olmaq istəyənlər indi də gəlib AMİP-nin böyük arxivi ilə tanış ola bilərlər. Sözün həqiqi mənasında yalanlarla gündəmə gəlmək, öz yarıtmaz siyasətlərini, ölkəni bərbad günə qoymaqlarının məsuliyyətini başqalarının üstünə yıxmaq bu adamların adətidir. Zamanında xalq hərəkatında iştirak edən, xalqın dəstəyini qazanan adamlar sonradan belə bir rəzil duruma düşürlərsə, yarıtmaz fəaliyyətlərini ört-basdır etmək istəyirlərsə, buna yalnız təəssüf etmək qalır. Arif Hacılı deyir ki, guya gəlib Etibar Məmmədova baş nazir vəzifəsini təklif edib. Burada da çox böyük yalanlar var. Arif Hacılı gəlməyinə gəlib, amma deyib ki, hakimiyyəti təmsil edərək yox, birlikdə hərəkatda olmuşuq, sizdən məsləhət almağa gəlmişəm. Bu məqsədlə gəlib. Aydın məsələdir ki, iyun hadisələrində kimə hansı vəzifələr təklif olunurdu. Yeganə düzgün addımları bu oldu ki, vəziyyətdən çıxmaq üçün Heydər Əliyevi dəvət etdilər. Bunu da Etibar Məmmədovun boynuna qoymaq istəyirdilər. Axı tarix tarixliyində qalır. Mərhum Heydər Əliyev özü dəfələrlə deyib ki, Elçibəy onun ardınca üç dəfə təyyarə göndərib, zəng edib. Eləcə də digər hakimiyyətdə olanlar onu israrla Bakıya dəvət ediblər ki, çıxılmaz durumdan çıxsınlar. Ard-arda istefa veriblər. Baş nazir, ali məclisin sədri istefa verib və həmin vəzifələr Heydər Əliyevə təklif olunub. Bu adamlar bu dərəcədə yalanlar danışmaqla olan-qalan hörmətlərini də itirirlər. Həqiqət isə budur və onu heç nə ilə ört-basdır etmək mümkün deyil”.
Aytəkin Qardaşova