ABŞ kəşfiyyatının hazırladığı yeni hesabata görə, İran ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlara baxmayaraq, hərbi-sənaye infrastrukturunu gözləniləndən daha sürətlə bərpa edir. Hesabatda xüsusilə pilotsuz uçuş aparatları (PUA) istehsalının yenidən başladığı vurğulanır.
VAXT.AZ CNN-ə istinadən xəbər verir ki, telekanalın ABŞ kəşfiyyat sənədləri ilə tanış olan mənbələrə istinadən yaydığı məlumata görə, aprelin 8-də başlayan altı həftəlik atəşkəs dövründə İran PUA istehsalının bir hissəsini artıq bərpa edib.
Mənbələr bildirir ki, Tehran rəhbərliyi bombardmanlar nəticəsində zərər görmüş hərbi imkanları ilkin proqnozlardan daha sürətli şəkildə yenidən qurur. ABŞ rəsmilərindən biri qeyd edib ki, bəzi qiymətləndirmələrə əsasən İran hücum xarakterli PUA potensialını cəmi altı ay ərzində tam şəkildə əvvəlki vəziyyətinə qaytara bilər.
Həmin amerikalı rəsmisinin sözlərinə görə, İran tərəfi “kəşfiyyat icmasının hərbi potensialın bərpası ilə bağlı bütün zaman proqnozlarını üstələyib”.
Hesabatda deyilir ki, hücumlar zamanı məhv edilən raket meydançaları, buraxılış qurğuları və silah istehsalı obyektlərinin bərpası davam edir. Bu isə o deməkdir ki, əgər Donald Tramp yenidən hərbi əməliyyatlara başlamaq qərarı versə, İran regiondakı müttəfiqlər üçün ciddi təhlükə olaraq qalacaq.
ABŞ kəşfiyyatı hesab edir ki, Tehran zəifləyən raket istehsal imkanlarını daha çox PUA hücumları ilə kompensasiya etməyə çalışa bilər. Bu da həm İsrail, həm də Körfəz ölkələri üçün risk yaradır.
Mənbələrin məlumatına görə, İranın sürətli bərpasında bir neçə amil rol oynayır. Bunlardan biri Çin və Rusiya tərəfindən verilən dəstəkdir.
ABŞ kəşfiyyatına yaxın iki mənbə bildirib ki, Çin hücumlar dövründə də İran tərəfinə raket istehsalında istifadə oluna biləcək komponentlər göndərməyə davam edib. Lakin hazırda tətbiq olunan ABŞ blokadasının bu axını zəiflətmiş ola biləcəyi qeyd edilir.
İsrailin baş naziri Benyamin Netanyahu da ötən həftə verdiyi müsahibədə Çinin İrana raket istehsalı üçün komponentlər çatdırdığını iddia etmişdi. Bununla belə, Qo Szyakun bu iddiaları reallığa uyğun olmayan məlumat adlandıraraq təkzib edib.
ABŞ kəşfiyyatının son qiymətləndirmələrinə əsasən, İran ağır zərbələrə baxmayaraq ballistik raket, PUA və hava hücumundan müdafiə imkanlarının mühüm hissəsini qoruyub saxlayıb.
Aprel ayında ABŞ kəşfiyyatı İranın raket buraxılış qurğularının təxminən yarısının zədələnmədiyini hesab edirdi. Yeni hesabatda isə bu göstəricinin üçdə ikiyə qədər yüksəldiyi bildirilir. Səbəb kimi atəşkəs dövründə dağıntılar altında qalan və ya torpağa basdırılan sistemlərin yenidən çıxarılması göstərilir.
Bundan əlavə, İranın minlərlə PUA-sının hələ də istifadəyə hazır vəziyyətdə olduğu qeyd olunur. ABŞ kəşfiyyatına yaxın mənbələrin məlumatına görə, bu göstərici ölkənin ümumi PUA potensialının təxminən 50%-nə bərabərdir.
CENTCOM (United States Central Command – ABŞ Silahlı Qüvvələrinin Orta və Yaxın Şərq üzrə hərbi komandanlığı) rəhbəri admiral Brad Kuper mayın 19-da Konqresdə çıxışı zamanı “Epik Qəzəb” əməliyyatının İranın müdafiə sənayesinin 90 faizini məhv etdiyini və Tehranın illərlə özünə gələ bilməyəcəyini iddia etmişdi.
Lakin CNN-in əldə etdiyi kəşfiyyat hesabatı bu bəyanatlarla ziddiyyət təşkil edir. Mənbələr bildirirlər ki, mövcud məlumatlar İranın müdafiə sənayesinin bərpasının illərlə deyil, cəmi bir neçə ay gecikdirildiyini göstərir.