Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Bu gün Azərbaycanın təşkilatçlığı ilə Bakıda təşkil olunmuş Ümumdünya Şəhərsalma Forumu (WUF13) uğurla davam edir.
İstər COP29-da, istərsə də WUF13-də Azərbaycan özünəməxsus fərq yaratmağı bacardı".
Bunu “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu tədbirlər zamanı özünəməxsus yanaşması və fərqliliyi ilə yadda qalır:
"Ənənəvi olaraq beynəlxalq tədbirlərin bir-birinə bənzər formatda keçirildiyini görürük. Lakin istər COP29-da, istərsə də WUF13-də Azərbaycan fərqli yanaşma ortaya qoymağı bacardı. WUF13 çərçivəsində də Bakı bu fərqi nümayiş etdirdi".
Deputat qeyd edib ki, hər bir beynəlxalq tədbirin əhəmiyyəti ilk növbədə orada iştirak edən ölkələrin sayı ilə ölçülür:
"Bu, sadəcə statistika deyil, eyni zamanda ev sahibi ölkəyə olan münasibətin, hörmətin və rəğbətin göstəricisi kimi çıxış edir. Bu baxımdan, 182 ölkənin foruma qatılması rekord göstəricidir və bu uğur Bakıya məxsusdur.
İkincisi, təşkilatçılıq, ideya və təşəbbüslər kontekstində də WUF13 mühüm beynəlxalq tədbir kimi yadda qalacaq. Çünki bu şəhərsalma forumu Bakının imzası ilə yadda qalacaq mühüm yeniliklərlə seçildi. Belə ki, Ümumdünya Şəhərsalma Forumunda "Bakı mükafatı" təsis edildi və bir çox istiqamətlər üzrə mühüm təşəbbüslər irəli sürüldü".
Hikmət Babaoğlu əlavə edib ki, həmçinin Azərbaycanın şəhərsalma mədəniyyəti və yeni çağırışlar kontekstində meqapolislərlə bağlı həll yanaşmalarının Bakı nümunəsi iki mühüm istiqamətdə diqqət çəkdi:
"Birincisi, mövcud şəhərlərimizin yeni urbanizasiya çağırışları fonunda öyrənilməsi və mövcud problemlərin həlli istiqamətində yanaşmaların təqdim olunmasıdır.
İkincisi, işğaldan azad edilmiş ərazilərdə tamamilə sıfırdan müasir şəhərlərin və yaşayış məntəqələrinin salınması təcrübəsidir. Təbii ki, bütün bunlar Azərbaycanın WUF13 çərçivəsində yeni baxışlarını və yanaşmalarını əks etdirdi".
Millət vəkili vurğulayıb ki, lakin ona görə, ən mühüm məqamlardan biri Azərbaycan Prezidentinin çıxışında ölkəmizin tarixi və şəhərsalma mədəniyyətinin dünyaya yenidən təqdim olunması idi:
"Prezident tarixin müxtəlif dövrlərində Azərbaycanda mövcud olmuş şəhərlər, onların paytaxt statusu və yerləşdiyi ərazilərlə bağlı fikirlər səsləndirərək dünya ictimaiyyətinin diqqətini xalqımızın qədim dövlətçilik ənənələrinə və şəhərsalma bacarığına yönəltdi.
Məsələn, XII əsrdən bəhs edərkən Əcəmi Naxçıvaninin memarlıq və şəhərsalma irsindən danışdı. Daha əvvəlki dövrlərə toxunaraq Şamaxının Şirvanşahların paytaxtı olması və burada ilk məscidin inşası ilə bağlı məqamlara diqqət çəkdi. Gəncənin tarixi rolundan bəhs etdi.
Beləliklə, tariximizin müxtəlif mərhələlərinə istinad etməklə Azərbaycanın şəhərsalma mədəniyyəti təqdim olundu və bu ənənənin nə qədər dərin köklərə malik olduğu göstərildi".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Açar sözlər:
WUF13 Hikmət Babaoğlu
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.