Qeyri-rəsmi ərazilərin yaxşılaşdırılması iqtisadi baxımdan özünü doğruldur və genişmiqyaslı fərdi mənzil tikintisi də daxil olmaqla, artıq real şəhər iqtisadiyyatının bir hissəsidir.
"Report" xəbər verir ki, bu barədə "Bulild Change"in CEO-su Xuan Kabalyero Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsindəki panel sessiyasında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Latın Amerikası ölkələrində və digər regionlarda mənzil tikintisinin əhəmiyyətli hissəsi faktiki olaraq sakinlərin özləri tərəfindən həyata keçirilir.
"Bu, qeyri-rəsmi sektoru şəhər iqtisadiyyatının əsas elementinə çevirir. Latın Amerikasında sement satışlarının 75 %-ə qədəri qeyri-rəsmi hesab edilən ərazilərdə özbaşına tikintilər aparılmasının payına düşür", - o qeyd edib.
X.Kabalyero həmçinin bildirib ki, şəhərlərdəki fiziki risklər texniki cəhətdən ölçülə və əksər hallarda idarə edilə biləndir: "İcmaların kütləvi şəkildə köçürülməsi çox vaxt texniki zərurət daşımır - risklərin böyük hissəsini infrastruktur həlləri və yaşayış şəraitinin tədricən yaxşılaşdırılması vasitəsilə azaltmaq mümkündür. Köçürülmə barədə qərarlar daha çox siyasi və iqtisadi amillərlə müəyyən edilir.