AZ

“Belə olarsa, qadın niyə ağzını, gözünü bağlayıb küçə süpürsün?” – Tural İrfan

“Professor Kamal Abdulla deyib ki, qadın evdə oturub övladlarına baxsa daha yaxşıdır. Bəli, çox yaxşı deyib. Elə bir söz deyib ki, onun misli-bərabəri yoxdur. Amma niyə yarımçıq deyib?”

 

Bunu ilahiyyatçı Tural İrfan Kamal Abdullanın səsləndirdiyi fikirlərlə bağlı deyib.

 

Tural İrfan bu məsələ ilə bağlı professora iradını belə dilə gətirib: “Qadının evdə oturub övladlarına baxması üçün ərinin işi və bir ailəni yaşada biləcək maaşı olmalıdır. Uşağa “uşaqpulu” verilməlidir. Uşağın nənə və babası normal pensiya almalıdır ki, nəvəsinin yanına gedəndə üzü qara olmasın. Ərzaq, yemək normal qiymətə olmalıdır. Bəli, belə olsa, qadının nə işi var? Ağzını, gözünü bağlayıb küçə süpürsün? Bəli, belə olsa, qadının nə işi var ki, onun-bunun sözünü götürüb kafelərdə ofisiantlıq etsin? Belə olsa, qadının nəyinə lazımdır ki, qışda-soyuqda bazarda, küçələrdə soğan satsın? Təbii ki, belə olsa, qadının xoşuna gəlməz ki, uşağı qucağında yollarda məmur maşınlarının pəncərəsinə əl açsın”.

 

Abdulla Şaiqin şeirləri ilə  uşaqların qarnını doydurmaq olmur deyən ilahiyyatçı əsas məqsəddən yayındıqlarını deyib: “Uşaqlara uşaq pulu lazımdır. Əsas məqsəddən yayınmaq üçün min cür əsassız sözlər deyirlər. Söhbət gedən qadının ərinin ailəsinə yetəcək qədər maaşı, uşağın da uşaq pulu olarsa, hansı qadın gedib səhərdən axşama qədər supermarketlərdə ayaq üstə dayanar? Heç olmasa bəzi mövzularda danışanda ədalətli olmağa çalışmaq lazımdır. Uzaqdan baxanda döyüş asan gəlir. Bu kimi sözləri deyənlər gəlsin bir dəfə mən getdiyim marşrutla getsin, görsün gedə bilir? Bircə dəfə qarın altında soğan satan ailə başçısının yerində başına sellofan salıb dayansın, görüm neçə saat dayana bilir? Üzünü bağlayıb küçə süpürən qarının yerinə keçsin, yolların tozunu süpürsün, görüm şəstinə sığışdırırmı? Körpülərin altında iş gözləyən fəhlələrin yanında ikicə saat dayansın görüm...”

Tarix: 21 May 2026, 15:10   
Seçilən
12
pravda.az

1Mənbələr