AZ

Müəllim cəmiyyətə işıq verən insandır

Şagirdlərin qazandığı hər nailiyyət müəllimin zəhmətinin nəticəsidir. Buna görə də müəllim olmaq mənim üçün böyük qürur və məsuliyyətdir

Müəllimlik sadəcə bir peşə deyil, insan taleyinə istiqamət verən müqəddəs bir missiyadır. Müəllim cəmiyyətin gələcəyini formalaşdıran, şagirdlərinə yalnız bilik deyil, həm də həyat dərsi verən ziyalı şəxsiyyətdir. Çünki bir millətin sabahı sinif otağında, müəllimin söylədiyi sözlərdə, aşıladığı dəyərlərdə və yetişdirdiyi gənclərdə qurulur. Bu gün biz yalnız dərs deyən insanlardan deyil, qəlblərə yol tapan, öyrətməyi həyat amalına çevirən, hər uğurun arxasında səssiz qəhrəman kimi dayanan müəllimlərdən danışırıq.

“İki sahil” xəbər verir ki, belə dəyərli pedaqoqlardan biri də Bakının Nərimanov rayonundakı 39 nömrəli tam orta məktəbin fizika müəllimi Mətanət Səfərovadır. O, təkcə fizikanın qanunlarını öyrədən müəllim deyil, həm də şagirdlərində elmə maraq yaradan, düşünməyi, araşdırma aparmağı və yeniliklərə açıq olmağı aşılayan pedaqoqdur. Mətanət müəllimənin hər dərsi şagirdlər üçün elmə aparan bir yol, hər sözü isə gələcəyə verilən dəyərli töhfədir.

Mətanət Səfərova 1965-ci ildə İsmayıllı rayonunda ziyalı ailəsində anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsini bitirib. Əmək fəaliyyətinə təyinatla İsmayıllı şəhər 3 nömrəli orta məktəbində fizika müəllimi kimi başlayıb. 1989-cu ildən Bakı şəhəri Xətai rayonu 116 nömrəli məktəbdə, 1994-cü ildən isə bu günədək Nərimanov rayonu 39 nömrəli tam orta məktəbdə fizika müəllimi vəzifəsində çalışır.

Uzunillik pedaqoji fəaliyyəti dövründə onun şagirdləri müxtəlif müsabiqə, yarış və olimpiadalarda uğurla iştirak ediblər. Şagirdi Əhmədova Fazilə Bakı şəhəri üzrə “Gənc fiziklərin yaradıcılığı” müsabiqəsində I yerə layiq görülüb, Respublika Fənn Olimpiadasında gümüş medal qazanaraq məktəbi qızıl medalla bitirib. Bu nailiyyətlərə görə Mətanət müəllimə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunub.

O, həmçinin 2021-ci ildə keçirilən STEAM Respublika layihəsində II yerə layiq görülüb. 2022-ci ildə isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Məktəbdə fəaliyyət göstərən “Gələcəyin alimləri” fizika dərnəyi illərdir uğurla fəaliyyət göstərir və əldə olunan nailiyyətlər də məhz bu dərnəyin bəhrəsidir.

Mətanə müəllimə XVI Respublika Qurultayının nümayəndəsi olub. STEAM layihəsi çərçivəsində hazırladıqları “Yaşıl enerjinin əldə edilməsi” mövzusundakı layihə “Teknofest” sərgisində də nümayiş etdirilib. Bu isə onun yalnız pedaqoq kimi deyil, həm də innovativ düşüncəyə sahib müəllim kimi fəaliyyətinin göstəricisidir.

Mətanət Səfərova ilə müsahibəmizdə onun müəllimlik yolundan, ilk dərs gününün həyəcanından, fizika elminə olan sevgisindən, müasir təhsil yanaşmalarından, STEAM layihələrində qazandığı təcrübələrdən, gənclərlə işləməyin xüsusiyyətlərindən, şagird uğurlarının yaratdığı qürur hissindən və gələcəklə bağlı düşüncələrindən danışacağıq. Səmimi fikirləri, zəngin təcrübəsi və pedaqoji fəaliyyəti ilə Mətanə müəllimə bu müsahibədə oxucular qarşısında həm nümunəvi müəllim, həm də ziyalı bir Azərbaycan qadını obrazını canlandıracaq.
-Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Həyat və müəllimlik yolunuz haqqında nələri bölüşmək istərdiniz?
-Mən Səfərova Mətanət Cavad qızıyam. İşini, peşəsini qəlbən sevən, həyatını bu müqəddəs sənətə həsr etmiş və ondan böyük zövq alan bir insanam. Elmə, biliyə, savada və mənəviyyata dəyər verən bir pedaqoq kimi inanıram ki, bir müəllimin buraxdığı işıqlı iz onu daim yaşadacaqdır. Bir şairimizin dediyi kimi:
"Ziyalı olmasa, kor olar millət,
Qaynaqlar altında hey çəkər zillət.
Sənətin hamısı gözəldir əlbət,
Bütün peşələrin gözüdür Müəllim!"

-Niyə məhz müəllimlik, niyə məhz fizika müəllimliyi? Bu sahəyə bağlılığınızın əsas səbəbi nə olub?
-Mən müəllim ailəsində doğulmuşam. Atam qabaqcıl maarif xadimi, fizika və riyaziyyatı mükəmməl bilənlərdən idi . O həmişə fizikadan maraqlı suallar verər bizim cavablarımızı geniş, misallarla izah edirdi: Qiblənin yerin maqnit qütbündə yerləşməsi , niyə üzü qibləyə namaz qılırıq , niyə halal kəsilmiş ət, toyuq üzü qibləyə kəsimdə baş verməsi və onun izahları  mənidə fizikaya maraq yaratdı. (Onun təcrübədə olan dəmirin maqnit sahəsinin təsiri altında hərəkəti.) Bu elmi öyrəndikcə doğrudan da əmin oldum ki, ətraf aləmdə, təbiətdə baş verən bütün prosesləri, qanunauyğunluqları fizika çözə bilər.
-İlk dərs gününüzü necə xatırlayırsınız? O gün yaşadığınız həyəcan və duyğular yaddaşınızda necə qalıb?
-Yadımdadır, məktəbimizin fizika müəllimi analıq məzuniyyətinə getmişdi. Direktor məni kollektivə təqdim edərək dedi ki, artıq 10-cu sinfin rəhbəri mənəm. Həmin vaxt cəmi 21 yaşım var idi. Şagirdlərdən yaşca da, görünüşcə də çox az fərqlənirdim. Düşünürdüm ki, onlarla yalnız dost münasibəti qurmaqla bu sinfi idarə edə bilərəm.
Bir gün sinifdə arxa partada şagirdlərin yanında oturub lövhədə yazılan məsələnin həllini izləyirdim. Bu zaman təmizlik işçisi otağa daxil oldu və dedi: “Nə yaxşı müəllim yoxdur, siz də rahat oturub dərs yazırsınız.” Mən ayağa qalxanda isə təəccüblə üzümə baxıb dedi: “Bu da elə uşaqlar boydadır.”
Həmin an düşündüm ki, maraqlı dərslər, təcrübələr və düzgün yanaşma ilə şagirdlərin sevgisini və hörmətini qazana bilərəm. Elə də oldu. O şagirdlərlə bu gün də əlaqəm var. Hətta məktəbi bitirmələrinin 35 illiyi münasibətilə məni görüşə dəvət etmişdilər. Bu, müəllim üçün ən böyük mənəvi qazancdır.
-Müəllimlik fəaliyyətinizin ilk illərinə qayıtsaq, heç zaman bir şagirdinizə qarşı haqsızlıq etdiyinizi düşündüyünüz məqam olubmu? Belə hallardan hansı nəticəni çıxarmısınız?
-Mən həmişə ciddi müəllim olmuşam. İlk illərdə ciddiliklə yanaşı, müəyyən qədər sərtliyim də var idi. Yadımdadır, məktəbimizin ingilis dili müəlliməsinin oğlu Elşadın ev tapşırıqlarını yoxlayarkən etdiyi səhvlərə görə onu çox danlamışdım. Bu isə onun səhhətinə mənfi təsir göstərmişdi. Valideyni çox narahat olmuşdu və mənə belə dedi: “Özünüz ana olanda anlayacaqsınız ki, övlad necə əziyyətlə böyüdülür.”
Bu sözlər mənə çox təsir etdi. Həmin gündən sonra bütün uşaqlara daha həssaslıqla, qayğı və anlayışla yanaşmağa başladım. Müəllim üçün tələbkarlıq vacibdir, amma sevgi və mərhəmət daha önəmlidir.
-Sizcə, yaxşı müəllimi, xüsusilə də fizika müəllimini fərqləndirən əsas xüsusiyyətlər hansılardır? Özünüzü bu baxımdan necə qiymətləndirirsiniz?
-Fizika müəllimi bu elmi sadə və şagirdin başa düşəcəyi şəkildə izah edə bilirsə, eyni zamanda onu həyatla əlaqələndirirsə, həmin müəllim şagirdə fənni sevdirə bilər. Mən çalışıram ki, bütün mövzuları sadə dillə izah edim, onların gündəlik həyatla əlaqəsini aydın şəkildə göstərim və məsələ həllərində tətbiq edim.
Dərslərdə təcrübələrə və laboratoriya işlərinə xüsusi önəm verirəm. Əsas məqsədim odur ki, şagirdlər özləri araşdırsın, müşahidə etsin və nəticə çıxarsınlar. Çünki öyrənməyin ən yaxşı yolu tətbiq etməkdir.
-Müəllimlik sənətinin görünməyən və ən çətin tərəfləri nələrdir? Bu peşədə insanı ən çox nə yorur, nə isə motivasiya edir?
-Müxtəlif ailələrdə böyüyən, fərqli düşüncə və tərbiyəyə malik, qavrama səviyyələri müxtəlif olan şagirdlərə eyni mövzunu başa salmaq müəllimlik sənətinin ən çətin tərəflərindən biridir. Müəllim öyrətdiyini tam şəkildə ala bilməyəndə yorulur.
Amma görülən işin gözəl nəticəsi, şagirdin uğuru və inkişafı müəllim üçün ən böyük motivasiyadır. Şagirdin uğur qazandığını görmək bütün yorğunluğu unutdurur.
-İsmayıllıdan başlayıb Bakı məktəblərində davam edən pedaqoji fəaliyyətiniz dövründə təhsil sistemində hansı əsas dəyişiklikləri və yenilikləri müşahidə etmisiniz? Keçmiş, hazırkı və gələcək baxımından necə müqayisə edərdiniz?
-Keçmişdə müəllimyönümlü təhsil sistemi üstünlük təşkil edirdi. Müasir dövrdə isə artıq şagirdyönümlü təhsil sistemi formalaşıb. Bu dəyişiklik şagirdlərin daha sərbəst düşünməsinə, araşdırma aparmasına və yaradıcı yanaşmasına şərait yaradır.
-Uzun illərdir fizika müəllimi kimi fəaliyyət göstərirsiniz. Bu illər ərzində qazandığınız uğurlar və pedaqoji fəaliyyətiniz barədə nələri qeyd etmək istərdiniz?
-Şagirdlərim Respublika Fənn Olimpiadalarında uğurla iştirak ediblər. İki şagirdim gümüş medal qazanıb. Əhmədova Fazilə Respublika Fənn Olimpiadasında gümüş medal qazanaraq məktəbi qızıl medalla bitirib. Məcidov Elvin də gümüş medal əldə edib və “Gənc fiziklərin yaradıcılığı” müsabiqəsində I yerə layiq görülüb.Bundan əlavə, STEAM 2021 festivalında II yer qazanmışıq. “Sabahın alimləri” müsabiqəsində “Yaşıl enerjinin əldə edilməsi” layihəsi ilə uğurla çıxış etmişik və həmin layihə “Teknofest”də nümayiş etdirilib.
-Uğurlarınız və əldə etdiyiniz nailiyyətlər sizdə hansı hədəfləri və məsuliyyət hissini formalaşdırıb?
-Düzgün istiqamətləndirilmiş, dərin elmi biliklərə malik olan şagird öz hədəfinə uğurla yaxınlaşa bilir. Müəllim üçün isə şagirdlə birlikdə görülən zəhmətin bəhrəsini görmək ən böyük xoşbəxtlikdir. Bu uğurlar mənə daha məsuliyyətli olmağı və daim öz üzərimdə işləməyi öyrədib.
*Şagirdlərinizin olimpiadalarda, müsabiqələrdə və müxtəlif layihələrdə qazandığı nailiyyətlər sizdə hansı hissləri yaradır?*
-Həmin anlar müəllim ömrünün ən şərəfli və ən dəyərli anlarıdır. Bu uğurlar ardıcıl, əzmkar və çətin əməyin gözəl bəhrəsidir. Şagirdlərinin nailiyyətini görmək müəllimə yeni güc verir, ona mənəvi rahatlıq və qürur hissi yaşadır.
-Müəllimlik yolunuzda sizə ən çox təsir edən müəlliminizin və ya bir insanın hansı tövsiyəsini heç vaxt unutmursunuz? Bu fikir bu gün də sizə necə yol göstərir?
-İsmayıllıda işlədiyim dövrdə mən tanınmış maarif xadimi Cavad müəllimin qızı kimi tanınırdım. Yaxın qohumum, respublikanın əməkdar müəllimi Cəmilə Ramazanova mən Bakı şəhərindəki 116 nömrəli məktəbə dəyişilərkən mənə belə dedi:
“Burada artıq özün tanınacaqsan. Öz əməyin və zəhmətin hesabına özünü təsdiq etməlisən.”
Bu sözlər mənim üçün böyük həyat dərsi oldu və bütün fəaliyyətim boyu mənə yol göstərdi.
-Siz şagirdlərinizə təhsil və həyat yolunda ən çox nəyi tövsiyə edirsiniz?
-Mən həmişə şagirdlərimə deyirəm ki, dünyanın qapısı elm və biliklə açılır. Yüksək savadlı və dünyagörüşlü insanlara hər zaman ehtiyac var. İnsan yalnız zəhmət və savad sayəsində həyatda uğur qazana bilər.
-Texnologiyanın inkişafı fonunda dərslərinizdə şagirdlərin marağını artırmaq, diqqətini daha yaxşı cəmləşdirmək və daha effektiv nəticələr əldə etmək üçün hansı müasir texnoloji imkanlardan və innovativ tədris üsullarından istifadə edirsiniz?
-Şagirdlər bilirlər ki, elm və texnikanın inkişafının əsasında fizika dayanır. “Gələcəyin alimləri” fizika dərnəyində şagirdlərlə birlikdə müxtəlif texnoloji yenilikləri araşdırır, videoçarxlar, layihələr və təcrübələr hazırlayırıq. Daha sonra bunları dərslərdə tətbiq edərək şagirdlərin marağını artırmağa çalışırıq.
-Sağlam və uğurlu təhsil mühitinin formalaşmasında müəllim–şagird–valideyn əməkdaşlığı hansı rolu oynayır? Bu münasibətlərdə ən vacib məqam nədir?
-Uğurun əldə olunması üçün müəllim, şagird və valideyn arasında daim birlik və qarşılıqlı anlaşma olmalıdır. Müəllim şagirdə istiqamət verən, onu yönləndirən şəxsdir, valideyn isə hər zaman dəstək olmalıdır. Bu əməkdaşlıq sağlam təhsil mühitinin əsasını təşkil edir.
-Pedaqoji fəaliyyətiniz boyunca yaddaşınızda silinməz iz qoyan bir xatirənizi bizimlə bölüşə bilərsinizmi?
-Xatirələr çoxdur. Xüsusilə STEAM 2021 layihəsində II yer qazanmağımız yaddaqalan anlardan biridir. Həmin vaxt uşaqların sevinc dolu səsləri, məktəb komandasının həyəcanı və qüruru insan ömrünün ən dəyərli anları kimi yaddaşıma həkk olunub.
-Uzun illər təhsil sahəsində qazandığınız uğurlar sizdə hansı yeni hədəfləri və məsuliyyət hissini formalaşdırıb?
-Mən inanıram ki, qarşımızda oturan ən dəcəl və ya ən diqqətli şagirddən belə böyük uğur əldə etmək mümkündür. Yetər ki, müəllim səbirli, ardıcıl və əzmkar olsun. Yağış damcısı belə ardıcıllıqla daşı deşə bilir.
-Bu günün gənclərində ən çox görmək istədiyiniz əsas keyfiyyətlər hansılardır?
-Məsuliyyət, əzmkarlıq, zəhmətsevərlik və uğursuzluqdan qorxmamaq. İnsan səhvlərindən nəticə çıxarmağı bacarmalıdır.
-Təcrübəli fizika müəllimi kimi gənc müəllimlərə hansı tövsiyələri vermək istərdiniz?
-Hərtərəfli şagird yetişdirmək üçün ilk növbədə onlara fənni sevdirmək lazımdır. Fizika kabinetində Nobel qardaşlarının şəkli var. İlk dərslərdə Nobel mükafatı haqqında məlumat verirəm və şagirdlərimə deyirəm ki, gələcəkdə bu mükafatı qazananlardan biri də siz ola bilərsiniz. Əsas odur ki, özünüzə inanasınız.
-Azərbaycan təhsilinin ötən dövrünü, hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini necə dəyərləndirirsiniz?
-Müasir laboratoriyalar və texnoloji resurslarla zənginləşdirilmiş tədris sistemi müəllimlər üçün böyük imkanlar yaradır. Öz bacarıqlarını daim inkişaf etdirən müəllim müasir təhsil sistemindən razı qalmalıdır. Bu təhsil sistemi gələcəyimizin işıqlı və savadlı gənclərini yetişdirməyə xidmət etməlidir.

-Gələcəklə bağlı şəxsi planlarınız və həyata keçirmək istədiyiniz yeni ideya və layihələr nələrdir?

-Daha keyfiyyətli dərslər qurmaq, hərtərəfli şagirdlər yetişdirmək, yeni layihələr hazırlamaq, olimpiadalarda fəal iştirak etmək və gələcəkdə Nobel mükafatı qazanacaq şagird yetişdirmək əsas məqsədlərimdəndir.

-Uzun illərini təhsil sahəsinə və şagirdlərə həsr etmiş bir müəllim kimi, müəllimlik yolunuzun sonunda necə xatırlanmaq istərdiniz?
-Müəllim cəmiyyətə işıq verən insandır. Şagirdlərin qazandığı hər nailiyyət müəllimin zəhmətinin nəticəsidir. Buna görə də müəllim olmaq mənim üçün böyük qürur və məsuliyyətdir.

Söhbətimizin sonuna yaxınlaşdıqca bir daha aydın oldu ki, Mətanət müəllimə üçün müəllimlik sadəcə peşə deyil, həyat amalına çevrilmiş müqəddəs bir missiyadır. Onun fikirlərində həm uzun illərin təcrübəsi, həm də elmə və gənc nəslə sonsuz sevgi duyulurdu. Mətanət müəllimə yalnız fizika fənnini tədris edən pedaqoq deyil, həm də şagirdlərə düşünməyi, araşdırma aparmağı, elmə maraq göstərməyi və gələcəyə inamla addımlamağı öyrədən dəyərli ziyalıdır. Söhbətimiz boyu onun peşəsinə bağlılığı, şagirdlərinə göstərdiyi qayğı, təcrübədən süzülüb gələn fikirləri və səmimi münasibəti bir daha göstərdi ki, müəllimlik sadəcə iş deyil, böyük məsuliyyət və böyük ürək tələb edən şərəfli həyat yoludur.
Bu müsahibə bizə bir daha sübut etdi ki, uğurun təməlində zəhmət, səbir, sevgi və peşəyə sonsuz bağlılıq dayanır. Mətanət müəllimənin dilindən səslənən hər fikir müəllimin cəmiyyətin inkişafında necə mühüm rol oynadığını bir daha təsdiqlədi. Çünki yaxşı müəllim yalnız dərs öyrətmir, gələcəyi formalaşdırır, gənc nəslin həyatına işıq tutur və onların uğurlarında öz zəhmətinin bəhrəsini görür.
Hörmətli Mətanət müəllimə, sizə bu şərəfli və məsuliyyətli fəaliyyətinizdə daim uğurlar arzulayırıq. Gələcək pedaqoji fəaliyyətinizdə yeni nailiyyətlər, şagirdlərinizin uğurları ilə dolu qürurverici anlar və daim işıqlı günlər diləyirik. İllərlə qazandığınız hörmət və sevgi bundan sonra da sizi əhatə etsin. Şagirdlərinizin qazandığı hər uğur sizin əməyinizin ən gözəl bəhrəsi kimi daim dəyərləndirilsin.
Arzu edirik ki, həyata keçirməyi düşündüyünüz bütün məqsədlər gerçəkləşsin, hər yeni gün sizə sevinc və uğur gətirsin. Uca Tanrıdan sizə möhkəm can sağlığı, uzun ömür, tükənməz enerji və daim işıqlı bir ömür yolu arzulayırıq.
Bu səmimi və dəyərli müsahibəyə görə sizə təşəkkür edir, bizə vaxt ayırıb həyat və pedaqoji təcrübənizi bölüşdüyünüz üçün minnətdarlığımızı bildiririk. Sizinlə söhbət etmək bizim üçün böyük şərəf və xüsusi bir zövq oldu.

Seçilən
12
ikisahil.az

1Mənbələr