AZ

Putinin Pekin səfərinin pərdəarxası: Avropada ikinci cəbhə açılır?

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Son bir həftə ərzində Çinə iki böyük ölkənin liderləri səfər etdi. Mayın 14-15-də ABŞ Prezidenti Donald Tramp, mayın 19-da isə Rusiya Prezidenti Vladimir Putin Pekində səfərdə oldular.

Bir sözlə, qısa zamanda 3 super gücün liderləri görüşdülər. Belə təmasların olması onu deməyə əsas verir ki, həmin iki səfərin yekunu olaraq, qarşıdakı dövrdə hansı proseslər baş verə bilər.

Politoloq Natiq Miri Bakupost.az-a bildirib ki, bu səfərlərdə əsas udan tərəf Pekin oldu:

“Bu cür səfərlərin səsi sonra çıxır. Ona görə həm Tramp, həm də Putinin Çinə səfərlərini birmənalı dəyərləndirmək doğru olmaz. Trampın səfərilə bağlı Vaşinqton rəsmiləri İranın nüvə silahına malik olmayacağı ilə bağlı birgə fikir səsləndirdiklərini bildirib. Həmçinin, tərəflər Hörmüz boğazının dərhal açılması və gəmilərdən rüsum alınmasının yolverilməzliyini razılaşdırıblar. Ona görə də Tramp Çin səfərindən dəhral sonra İrana növbəti hərbi əməliyyatları dayandırdığını bəyan edib. Lakin o da var ki, Çin bütün hallarda ABŞ-dən ötrü kiməsə təzyiq edən də deyil”.

Putinin Pekin səfərinə gəldikdə, ekspert qeyd edir ki, Rusiya müharibənin coğrafiyasının genişləndirməkdə maraqlıdır və bu məqsədlə də Çindən dəstək almaq istəyir:

“Demək olar ki, Çinin Ukrayna məsələsinə baxışı, münasibəti dəyişməyib. Rusiyaya müharibəni davam etdirməsi üçün lazım olan strateji balistik raketlər və dronlar üçün lazım olan əsas elementlər və bərk yanacaqlar Çindən idxal edilir. Rusiya həm də müharibənin coğrafiyasını genişlətmək istəyir. Avropa da artıq Rusiya tərəfindən açıq təhdid olunur. Moskvanın Litvaya aid Suvalki dəhlizinin işğalı layihəsinin həyata keçiriləcəyi fikri səsləndi. Moskvaya lazımdır ki, həmin müdaxilə fonunda ABŞ NATO çərçivəsində prosesə müdaxilə etməsin. Düşünürəm ki, Putin Avropaya müdaxilə məsələsini Pekində də ciddi müzakirə edib. Çünki Kremlin bu məsələdə Pekinin yardımına ehtiyacı var. Amma Çin bunu etməyəcək. Putin Ukrayna cəbhəsində uduzduğunu hiss edir. Ona görə də yeni cəbhənin açılmasında maraqlıdır ki, bu təsir vasitəsilə Kiyevin mövqeyini zəiflədə bilsin”.

Həmsöhbətimiz bu fonda Çinin yalnız öz maraqları çərçivəsində hərəkət edəcəyini düşünür:

“Nə Putinə görə, ABŞ-yə qarşı çıxmayacaq, nə də Trampa görə Rusiyanı gözdən salan fəaliyyət ortaya qoymayacaq. Pekin Rusiyanı yanında saxlamaqla ABŞ-yə qarşı mövqeyini güclü tutur, digər tərəfdən, Amerika ilə ticarət müharibəsini dayandırmaq və özünün maraqlarının Vaşinqton tərəfindən tanınması ilə dünyanı iki qütblü səviyyədə idarə etmədə maraqlıdır”.

Prezidentlərin Pekində qəbulu nöqteyi-nəzərdən məsələyə baxdıqda da politoloq Çinin Putinlə müqayisədə Trampa daha çox üstünlük verdiyinin sezildiyi qənaətindədir:

“Trampı qarşılayan Çin dövlət başçısının müavini olub. Putini isə qarşılayan Çin XİN rəhbəri idi. O isə bir icraçıdır. Trampı çinli uşaqlar da salamladı. Bu da gələcək münasibətlərə işarə oluna bilər. Putini qarşılayanlar isə çinli gənclər olub”.

Rüfət Sultan, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
www.bakupost.az

1Mənbələr