AZ

VUF-13-ün xarici qonaqları nələr danışdılar?

Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakı tamam başqa cür nəfəs alırdı. Şəhərin ritmi dəyişmişdi, küçələrin axarı fərqli idi. Hələ “Koroğlu” metro stansiyasından çıxan kimi bunu hiss etmək olurdu. Müxtəlif dillərdə danışan insanlar, fərqli simalar, boyunlarında forum nişanları, əllərində kameralar, xəritələr, telefonlar… Hamı eyni istiqamətə — WUF13 forumunun keçirildiyi Olimpiya Stadionuna doğru irəliləyirdi. Sanki dünyanın ürəyi bu gün Bakıda döyünürdü.

Hafta.az olaraq qonaqlarımızla söhbətləşdik, onlardan Forumla bağlı fikirlərini öyrəndik. Bu gün dünyanın müxtəlif ölkəsindən olan 4 nümyəndə ilə müsahibəni təqdim edirik.

Hassan Mahmud – Kenya (Nairobi və Bakı təəssüratları):

– Bakıya xoş gəlmisiz. – Adınızı öyrənə bilərik?

– Mənim adım Hassan Mahmuddur.

- Şəhərimiz haqqında İlk təəssüratlarınız nədir?

- Bəli, çox sakit və gözəl şəhərdir. Mən bu səhər Nairobidən gəlmişəm. Şəhəri çox bəyəndim. Çox təmiz, səliqəli və yaxşı təşkil olunmuş şəhərdir.

– Yeni şəhərsalma layihələrini necə qiymətləndirirsiniz?

– Bu, davamlı və dayanıqlı şəhər modelidir. Mən xüsusilə münasib qiymətə mənzil layihələrini gördüm və çox bəyəndim. Keniyada da biz oxşar layihələr həyata keçiririk. Həm Nairobi, həm də bütün ölkə üzrə əlçatan mənzil proqramları üzərində işləyirik. Biz də Bakının bu sahədə təcrübəsini öyrənmək üçün gəlmişik.

– Bakı və Azərbaycan haqqında fikirləriniz necədir?

– Mən xüsusi olaraq Azərbaycanı görmək üçün gəlmişəm. Bu ölkəni və xüsusilə Bakını çox sevirəm. Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələri görmək istəyirdim. Regionun necə inkişaf etdiyini yaxından görmək mənim üçün maraqlıdır.

– Yenidən gəlmək istərdinizmi?

– Əlbəttə. Növbəti dəfə ailəmlə gələcəyəm. İnşallah, uşaqlarımı da gətirəcəyəm.

– Azərbaycan mətbəxindən hansı yeməkləri dadmısınız?

– Hələ heç nə dadmamışam. Bu səhər saat 06:30-da gəlmişəm. Sadəcə qəhvə içmişəm.

– Gələcək şəhərləri necə görmək istərdiniz?

– Mən gələcəyin dayanıqlı şəhərlərini görmək istəyirəm. Xüsusilə alternativ enerji, günəş enerjisi və fosil yanacaqlardan asılılığın azaldılması çox vacibdir. Mən Bakıda da bu istiqamətdə inkişaf görmək istərdim.

– Bakını bəyəndinizmi?

– Çox sevdim. Həqiqətən çox bəyəndim.

– Sizcə gələcək nəsil daha çox süni intellektə yaxın olacaq, yoxsa təbiətə?

– Məncə hər ikisi birlikdə olmalıdır. Təbiəti kənara qoymaq olmaz. Burada çoxlu yaşıllıq sahələri var və bu, çox xoşuma gəldi. Təbiətin şəhərlə və urbanizasiya ilə inteqrasiyası çox vacibdir. Bizim də Nairobidə öyrənməli olduğumuz məqamlardan biridir. Biz urbanizasiya edirik, amma yaşıllıq sahələri azalır. Burada isə küçələrdə və şəhərin müxtəlif yerlərində çoxlu yaşıl ərazilər görürəm. Bu çox yaxşıdır.

– İnsanlarımız və qonaqpərvərliyimiz haqqında nə deyə bilərsiniz?

– İnsanlar çox mehribandır. Xüsusilə urban forumun təşkili çox yüksək səviyyədə idi. Hava limanından başlayaraq məni çox yaxşı qarşıladılar və lazımi yerlərə yönləndirdilər.

– Könüllülərimizi necə qiymətləndirirsiniz?

– Çox yaxşı idilər.

Michael Poser – İqlim dəyişikliyi və gələcəyin şəhərləri haqqında:

– Özünüzü təqdim edin..

– Mən Michael Poserəm.

– Beynəlxalq forumların şəhərlər üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Düşünürəm ki, bir şəhərin bu qədər beynəlxalq qonağa ev sahibliyi etməsi çox gözəl imkandır. Bu insanlar şəhərə yeni ideyalar, ilham və faydalı təcrübələr gətirə bilərlər. Məncə bu, şəhərlər üçün çox vacibdir və çox gözəl təşəbbüsdür.

– Sizcə gələcəyin şəhərləri hansı prinsiplər əsasında qurulmalıdır?

– Məncə şəhərlər ilham və innovasiya məkanı olmalıdır. İnsanlar gələcəkdə inkişaf etmək üçün şəhərlərə üz tuturlar. Buna görə də şəhərlər sıx, əlaqəli və mobil olmalıdır. İnsanların yaşıl zonalara çıxışı təmin edilməlidir ki, onlar sağlam və rahat həyat yaşaya bilsinlər. Eyni zamanda güclü ictimai nəqliyyat sistemi qurulmalı və fosil yanacaqlardan uzaqlaşaraq daha sağlam həyat tərzi təşviq edilməlidir.

– İqlim dəyişikliyi bu gün şəhərsalmaya necə təsir edir?

– İqlim dəyişikliyi çox ciddi təsir göstərir. Bu, yaşadığınız bölgədən asılı olaraq daşqınlar, həddindən artıq istilər, səhralaşma və digər problemlərlə özünü göstərir. Ən böyük təsiri isə həssas sosial qruplar – yoxsul insanlar və qeyri-formal yaşayış məntəqələrində yaşayanlar hiss edir. Onlar bu problemlərlə ilk üzləşən təbəqədirlər. Bu proses gələcəkdə böyük miqrasiya dalğalarına da səbəb ola bilər.

– “Ağıllı şəhər” modelləri icmalar üçün hansı praktik nəticələr verə bilər?

– Bu modellər insanlara şəhərləri daha yaxşı anlamağa kömək edir. İnsanlar müxtəlif ssenariləri görərək gələcəyin şəhərlərini formalaşdırmaq prosesində iştirak edə bilirlər. Bu zaman şəhərsalma yalnız dövlətin işi olmur, icmalar da prosesin bir hissəsinə çevrilir. Mən bunu şəhər planlaması deyil, icma planlaması adlandırardım.

– Ağıllı şəhər modellərini real həyatda nə dərəcədə effektiv hesab edirsiniz?

– “Ağıllı şəhər” anlayışı bir qədər təhlükəli ifadədir. Əgər bu anlayış yalnız texnologiya üzərində qurulursa, bu düzgün yanaşma deyil. Əsas məsələ insanlardır. Şəhərlər insanlar üçün qurulmalıdır. Texnologiya bu məqsədə çatmaq üçün vasitə ola bilər, amma əsas məqsəd insan rifahıdır.

– Bakı haqqında fikirləriniz necədir?

– Çox maraqlı şəhərdir. Hələ şəhəri tam gəzməmişəm. Dünən axşam qısa müddətə İçərişəhərdə oldum və oranı çox bəyəndim. Tarixi binaların qorunması və yaxşı vəziyyətdə saxlanılması çox xoş təsir bağışlayır. Şəhər həm müasir, həm də tarixi ruhunu qoruyub saxlayır.

– Gələcəyin şəhərlərini necə görmək istərdiniz?

– Mən gələcəyin şəhərlərini daha sakit, daha az səs-küylü və fosil yanacaqlardan uzaq şəhərlər kimi görmək istəyirəm. İnsanlar bir yerdən başqa yerə rahat hərəkət edə bilməlidirlər. Bütün xidmətlər əlçatan olmalıdır. İnsanlar daha çox piyada gəzməli, velosipeddən istifadə etməli, uşaqlar isə yenidən park və açıq məkanlarda rahat oynaya bilməlidirlər. Şəhərlərdə çoxlu yaşıl ərazilər olmalı və insanlar həm sağlam yaşamalı, həm də iş imkanlarına asan çıxış əldə etməlidirlər.

Suttaman – Tailand (Bakı və iqlim baxışı):

– Zəhmət olmasa özünüzü təqdim edərdiniz?

– Mənim adım Suttamandır. Tailanddan gəlmişəm.

– Bakunı ümumilikdə necə qiymətləndirirsiniz?

– Həqiqətən çox möhtəşəm şəhərdir. Hər şey çox yaxşı təşkil olunub. Hava da çox gözəldir. Şəhər təmizdir və hər şey qaydasındadır. Mən Bakını çox bəyəndim. Düşünürəm ki, bura səyahət üçün çox yaxşı məkanlardan biridir.

– Azərbaycan mətbəxindən hansı yeməkləri dadmısınız?

– Açığı yeməklərin adlarını tam bilmirəm, amma hamısını bəyəndim. Mən əsasən vegetarian yeməkləri və ədviyyatlı dadları sevirəm. Buradakı yeməklər də mənim zövqümə çox uyğun gəldi.

– Sizcə iqlim dəyişikliyi şəhərsalma siyasətini necə dəyişir?

– Məncə artıq iqlim dəyişikliyi ilə bağlı düşüncə tərzimizi dəyişməliyik. Çünki gözlənilməz hadisələr baş verə bilər. Əvvəllər şəhərsalmada əsas diqqət infrastrukturun qurulmasına və inkişaf layihələrinə yönəlirdisə, indi artıq iqlim faktorları da nəzərə alınmalıdır. Daha çox yaşıl zonalar yaradılmalı, ekstremal hava hadisələri düşünülməli və həssas insanların qorunması üçün tədbirlər görülməlidir. Şəhər planlamasında iqlim riskləri mütləq nəzərə alınmalıdır.

– Süni intellektin gələcəkdə şəhər idarəçiliyinə ciddi təsir göstərəcəyinə inanırsınızmı?

– Bəli, tamamilə. Süni intellekt artıq həyatın hər sahəsindədir və biz onunla birlikdə yaşamağı öyrənməliyik. Eyni zamanda ondan düzgün istifadə etməliyik. Mən əminəm ki, AI şəhər idarəçiliyinin inkişafında və proseslərin daha sürətli həyata keçirilməsində mühüm rol oynayacaq.

– Münaqişədən sonrakı regionların bərpası ilə bağlı beynəlxalq təcrübə nə göstərir?

– Məncə beynəlxalq təşkilatlar burada iki istiqamətdə kömək edə bilər. Bir tərəfdən insanlara dəstək vermək, digər tərəfdən isə hökumətlərlə işləmək mümkündür. Eyni zamanda sülh prosesinin qurulması və tərəflərin dialoqa cəlb olunması da vacibdir. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət bu istiqamətdə daha çox iş görə bilər.

– Forumda müzakirə olunan mövzuları necə qiymətləndirirsiniz?

– Mövzular həqiqətən çox maraqlıdır. Mən burada dinlədiyim hər çıxışdan yeni nələrsə öyrənirəm. Bu forum mənə çox yeni baxışlar və ideyalar qazandırdı. Buradan Taylanda qayıdanda öz ölkəm üçün də faydalı nəticələr aparacağam.

– Sizcə iştirakçılar forumdan sonra Azərbaycanı necə xatırlayacaqlar?

– Düşünürəm ki, Azərbaycanı çox qonaqpərvər və isti münasibətli ölkə kimi xatırlayacaqlar. Bakı çox gözəl şəhərdir. Könüllülər çox enerjilidir, hər kəsi gülərüzlə qarşılayırlar. İnsanların yaddaşında Bakı məhz belə qalacaq.

– Təşəkkür edirik.

– Mən təşəkkür edirəm.

Professor Law – Malayziya (şəhərsalma və forum qiymətləndirməsi):

– Zəhmət olmasa özünüzü təqdim edərdiniz?

– Mən Professor Lawam. University of Uttara universitetindənəm və Malaysiadan gəlmişəm. Buraya əsasən öz tədqiqat işimizin BMT Habitat proqramının “Practices Hub” bölməsində təqdim olunması üçün gəlmişəm. Araşdırmamız mənzil tikintisi və yaşayış sahələrinin inkişafı ilə bağlıdır. Biz Malayziyanın tikinti sektorunda mənzil sahəsində mövcud problemləri və çağırışları müzakirə edirik.

– Hansı paneldə iştirak edirsiniz?

– “Practices Hub” panelində iştirak edirəm.

– Forumun atmosferini necə qiymətləndirirsiniz?

– Ümumilikdə yaxşıdır. Amma ilk iki gün bir qədər çətin keçdi. Güclü yağış və hava şəraiti iştirakçılar üçün müəyyən problemlər yaratdı. Sonrakı günlərdə isə vəziyyət yaxşılaşdı və təşkilatçılıq daha rahat oldu.

– Şəhəri gəzmək və Azərbaycan yeməklərini dadmaq imkanınız oldumu?

– Bəli. Mən şənbə günü, ayın 16-da gəldim. Həmin gün günortadan sonra İçərişəhər və müasir şəhər hissəsində gəzinti turumuz oldu. Bu zaman Azərbaycan yeməklərini də dadmaq imkanım oldu. Çox dadlı idi, çox bəyəndim.

– Sizcə Azərbaycan üçün hazırda necə şəhərlər lazımdır?

– Məncə həm qədim şəhər hissəsi, həm də müasir şəhərlər vacibdir. Köhnə şəhər Azərbaycanın tarixini və mədəniyyətini göstərir. Yeni şəhər hissəsi isə çox gözəldir. Memarlıq üslubu fərqlidir və insanların diqqətini cəlb edir. Xüsusilə müasir binaların konsepsiyası maraqlıdır.

– Əgər bir şəhəri sıfırdan qurmalı olsaydınız, nədən başlayardınız?

– Mən ilk növbədə iqtisadi fəaliyyətin olduğu ərazilərdən başlayardım. Xüsusilə limanlar və idxal-ixrac mərkəzləri önəmlidir. Çünki iqtisadi fəaliyyət inkişaf tələb edir. Bu isə infrastrukturun qurulmasına və insanların yaşayışı üçün imkanların yaranmasına səbəb olur.

– Forumu ümumilikdə necə qiymətləndirirsiniz?

– Açıq desəm, forumun mövzuları çox maraqlıdır. Başlıqlar həqiqətən yaxşı seçilib. Amma bəzi müzakirələr bir qədər səthi keçir. Ola bilər ki, moderatorlar və ya çıxış edənlər mövzu ilə bağlı kifayət qədər dərin məlumata malik deyillər.

– Hansı mövzuların daha çox müzakirə olunmasını istərdiniz?

– Mənzil problemləri, vətəndaşların müdafiəsi, idarəetmə məsələləri, torpaq saxtakarlığı və mənzil fırıldaqları kimi mövzuların daha geniş müzakirəsini istərdim. Çünki bunlar insanların hüquqlarının qorunması üçün çox vacib məsələlərdir.

– Təşəkkür edirik.

– Mən təşəkkür edirəm.

Seçilən
13
hafta.az

1Mənbələr