"Santos"un hücumçusu Neymar daha bir zədə alıb.
Fanat.Az xəbər verir ki, məlumatı "O Globo" "Santos"un tibbi xidmətlər şöbəsinin rəhbəri Rodriqo Zoqaibə istinadən yayıb.
Klubun həkimi detalları açıqlayıb:
"Neymarın sağ baldırında kiçik bir zədə və şişkinlik var. İki millimetr ölçüdə olan hissəyə ödem toplanıb. Lakin planımıza görə, o, gələn həftə milli komandaya qoşulmağa hazır olacaq. Beş-altı gün müalicə alması sıraya dönməsinə kifayət edəcək".
"Santos" Neymarın Cənubi Amerika Kubokunda "Deportivo Kuenka"ya qarşı matçda da oynaya biləcəyinə inanır.
Braziliya millisi dünya çempionatının hazırlıqlarına bu ayın 27-də Qranya Komarida başlayacaq. Ayın 31-də "Marakana"da Panama ilə yoldaşlıq oyunu keçiriləcək. İyunun 6-da isə Karlo Ançelottinin komandası ABŞ-da Misirlə daha bir yoldaşlıq görüşü keçirəcək.