AZ

"Azərbaycan qlobal müzakirələrin mərkəzindədir" - DEPUTAT

"Bakıda keçirilən Dünya Şəhərsalma Forumu nüfuzlu beynəlxalq tədbir olmaqla yanaşı, həm də Azərbaycanın son illərdə qazandığı siyasi nüfuzun, iqtisadi gücünün və dövlət idarəçiliyi sahəsində formalaşdırdığı yeni yanaşmanın göstəricisidir".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Elnarə Akimova deyib.

Elnarə Akimova sözlərinə belə davam edib: “Belə bir forumun keçirilməsi təsadüfi seçim deyil. Dünyanın müxtəlif ölkələrindən dövlət rəhbərlərinin, nazirlərin, beynəlxalq qurumların nümayəndələrinin, şəhər idarəçilərinin və mütəxəssislərin məhz Azərbaycana gəlməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun açıq ifadəsidir.

Bu gün dünya yalnız iqtisadi gücə deyil, həm də şəhərlərin necə qurulduğuna, insanların necə yaşadığına, şəhər mühitinin nə qədər təhlükəsiz və dayanıqlı olmasına diqqət yetirir. Məhz belə bir dövrdə Azərbaycanın bu mövzuda qlobal müzakirələrin mərkəzinə çevrilməsi ölkənin inkişaf yolunun beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir.

Son illərdə Azərbaycanda şəhərsalma anlayışı yalnız bina tikintisi ilə məhdudlaşmır. Yeni yaşayış məkanlarının yaradılması, yol və nəqliyyat şəbəkələrinin genişləndirilməsi, yaşıllıq sahələrinin artırılması, müasir idarəetmə üsullarının tətbiqi və yaşayış keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Bu yanaşma ölkənin gələcək inkişaf modelinin əsas dayaqlarından biri kimi çıxış edir.

Bakıda belə yüksək səviyyəli tədbirin keçirilməsi həm də ölkənin etibarlı tərəfdaş, sabit dövlət və beynəlxalq dialoq məkanı kimi qəbul edildiyini göstərir. Bu gün Azərbaycana gələn ictimai-siyasi xadimlər təkcə forum iştirakçıları deyil, eyni zamanda ölkənin keçdiyi inkişaf yolunun şahidləridir. Onların iştirakı Azərbaycanın beynəlxalq münasibətlərdə artan çəkisinin və söz sahibinə çevrilməsinin nümayişidir.

Ən vacib məqamlardan biri isə odur ki, bu cür tədbirlər ölkənin gələcək inkişafına yeni imkanlar açır. Burada əldə olunan təcrübə, qurulan əlaqələr və irəli sürülən təşəbbüslər gələcək şəhərlərin daha müasir, daha rahat və insan yönümlü qurulmasına xidmət edə bilər.

Dünya dəyişir, şəhərlər dəyişir, inkişaf anlayışı dəyişir. Bu dəyişimin müzakirə olunduğu əsas beynəlxalq meydanlardan birinin bu gün Azərbaycanda qurulması isə ölkəmizin artıq təkcə prosesləri izləyən deyil, onların formalaşmasında iştirak edən dövlətlər sırasında yer almasından xəbər verir".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
13
1
sia.az

2Mənbələr