AZ

Niderlanddan daha bir anti-Azərbaycan addım

Anti-Azərbaycan mövqeyi ilə seçilən Niderland indi də Ermənistana müdafiə və təhlükəsizlik sahəsində dəstək verir.

Musavat.com News.am-a istinadla xəbər verir ki, Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan Niderland Krallığının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Marike Monroy-Vinteri və yeni təyin olunmuş müdafiə işləri üzrə attaşe, leytenant-polkovnik Aalert Gerald Haiubreştsi qəbul edib.

Görüşdə Ermənistan və Niderland arasında müdafiə sahəsində və NATO, Aİ ilə çoxtərəfli formatda ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Քննարկվել

Niderland rəsmiləri bəyan ediblər ki, iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq sənədlərində silahlara və ya hərbi əməkdaşlığa dair heç bir müddəa nəzərdə tutulmayıb. Amma iki ölkə arasında strateji tərəfdaşlıq olsun, onda hərbi komponent nəzərdə tutulmasın? Mümkünsüzdür. İndiki halda, tam mümkünsüz. Üstəlik, hərbi attaşe təyinatı göstərir ki, Avropa İttifaqı Ermənistana ən müxtəlif statuslarda dəstək verməkdədir.

Yada salaq ki, bu ölkənin parlamenti Azərbaycan əleyhinə qətnamələr qəbul etməklə yadda qalmaqdadır. Ötən ay Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşlərdə aprelin 16-da Niderland parlamenti tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, həmçinin Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədə qarşı kəskin etiraz ifadə edilib. Həmçinin Belçika parlamenti də ondan geri qalmayıb. Avropanın “cırtdan”ı Lüksemburqu da bura əlavə etsək, Benilüks ölkələri ermənipərəstliyi və Azərbaycan əleyhinə addımları ilə diqqəti cəlb edir. Bundan başqa, Niderland hökuməti Ermənistana Qarabağdan gedən ermənilərin mənzillə təmin olunmasına dəstək məqsədilə 14 milyon avro maliyyə vəsaiti ayıracağını açıqlayıb. Halbuki bu ölkə 30 il qaçqın-köçkün həyatı yaşayan azərbaycanlılara bir avro da xərcləməyib.

Azərbaycan

Xatırladaq ki, Niderland parlamentinin Aşağı Palatası 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyıb. Yəni faktiki olaraq, bu dövlət və onun təsisatları erməni sevgisini açıq nümayiş etdirir. Azərbaycan 30 il davam edən Qarabağ problemini öz gücü hesabına həll etdikdən sonra Amsterdamda Azərbaycana qarşı sanksiyaların tətbiq olunması ilə bağlı çağırışlar artdı. Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən həmin çağırışlara adekvat cavab verildi. Niderland bununla kifayətlənməyərək, 2021-ci ildə Azərbaycanla münasibətlərə baxılması ilə bağlı təkliflər səsləndirdi. 2023-cü ilin sentyabrında baş verən antiterror tədbirlərindən bir qədər sonra Niderland parlamentində Ermənistana silah satışı məsələsi müzakirə olundu.

Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi məsələsi yenidən qaldırıldı. Nəhayət, 2024-cü il oktyabrın 10-da Azərbaycan əleyhinə iki qətnamə qəbul olundu. Sözügedən sənədlərdə ölkəmizə münasibətdə törədilmiş hərbi işğal və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları tamamilə gözardı edildi. Bütün bunlar Azərbaycanı əsassız olaraq hədəf alan və Cənubi Qafqaz regionunda real vəziyyəti təhrif edən qərəzli siyasətin davamıdır. Ermənipərəst “xor”un yeni “solisti” Niderland da aydındır ki, Fransanın “yolunu gedir”. Özünü “Qərb demokratiyası”nın nümayəndəsi kimi qələmə verən rəsmi Amsterdam bunu fəaliyyətində  əks etdirmir - separatizmə açıq dəstək göstərmək, cinayətkara azadlıq tələb etmək kimi qeyri-hüquqi “tələblər” səsləndirməklə Niderland Krallığı da ümumi “Qərb ansambl”ının uğursuz nümayəndəsinə çevrilir...

Emil Salamoğlu
Musavat.com,

Seçilən
0
1
musavat.com

2Mənbələr