AZ

“ADA Universiteti-də su problemləri və Xəzər dənizinin gələcəyi ilə bağlı proqramlar yaradılır” - FARİZ İSMAYILZADƏ

Bakı şəhəri və bütövlükdə ölkə kontekstində, xüsusilə içməli suyun mövcudluğu mühüm məsələlərdən biridir. Azərbaycan, bildiyiniz kimi, su ehtiyatlarını əsasən qonşu ölkələrdən daxil olan su mənbələrindən əldə edən bir ölkədir. Buna görə də ölkə su təchizatından yüksək dərəcədə asılıdır.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fariz İsmayılzadə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Akademiya və Tədqiqat" adlı dəyirmi masada deyib.

Onun sözlərinə görə, bu amillər , xüsusilə ətraf mühitlə bağlı faktorlar , mənzil tikintisinin və şəhər inkişafının istiqamətini ciddi şəkildə müəyyənləşdirir. Məhz buna görə də bu mövzuların elmi şəkildə araşdırılması zəruridir. Bu məqsədlə ADA Universiteti-də su resursları, içməli su problemləri və Xəzər dənizinin gələcəyi ilə bağlı yeni tədqiqat proqramları yaradılır. Bu faktorlar gələcəkdə şəhərlərin inkişaf trayektoriyasını birbaşa müəyyən edəcək əsas amillərdən biridir.

Bununla yanaşı, ölkə və dünya səviyyəsində baş verən texnoloji dəyişikliklər də çox önəmlidir. Hazırda biz xüsusilə bərpa olunan enerji mənbələrinə diqqət yetiririk və əlavə olaraq neft və qaz kimi ənənəvi resursları tədricən alternativ enerji mənbələri ilə əvəz etməyə çalışırıq. Azərbaycan bu istiqamətdə addımlar atır və eyni zamanda “ağıllı şəhər” (smart city) həllərinin tətbiqi üzərində işləyir. Bu texnologiyalar şəhərlərin gündəlik idarə olunmasına ,nəqliyyat sistemlərindən tutmuş ictimai xidmətlərə qədər , inteqrasiya edilir.

Bu üç əsas faktor , texnologiya, ətraf mühit və demoqrafiya , universitetimizin tədqiqatlarının mərkəzində dayanır. Biz bu sahələrə xüsusi fokuslanırıq və onları həm elmi, həm də praktik baxımdan araşdırırıq.

Eyni zamanda, biz beynəlxalq əməkdaşlığa böyük önəm veririk. Çünki bu problemləri təkbaşına həll etmək mümkün deyil. Azərbaycan nisbətən kiçik ölkə olduğuna görə, xüsusilə su ehtiyatları və Xəzər dənizi məsələlərində qonşu ölkələrlə və digər dövlətlərlə əməkdaşlıq vacibdir. Biz həm də beynəlxalq təşkilatlar qarşısında bu məsələlərə dair məlumatlılığın artırılmasına çalışırıq.

Texnoloji məsələlərdə isə inkişaf etmiş ölkələrlə əməkdaşlıq edərək süni intellekt, böyük məlumat analitikası (big data) və ağıllı texnologiyaların tətbiqini genişləndirməyə çalışırıq. Beləliklə, bu üç istiqamətdə , texnologiya, ətraf mühit və demoqrafiya , universitetimiz həm yerli səviyyədə fəaliyyət göstərir, həm də beynəlxalq şəbəkələrdən istifadə edərək digər ölkələrin təcrübəsindən öyrənməyə çalışır”.

Müəllif: Günay Hacıyeva
Seçilən
10
sia.az

1Mənbələr