Şəhər əməkdaşlığı mənzil problemlərinin həllində mühüm rol oynayır.
"Report" xəbər verir ki, bunu UCLG-MEWA-nın kommunikasiya koordinatoru Cüneyd Rafiq Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Mənzil təminatı şəhərləri bir araya gətirəndə: praktikada yerli əməkdaşlıq" adlı müzakirədə deyib.
Onun sözlərinə görə, təşkilat uzun müddətdir, şəhərləri bir araya gətirən beynəlxalq şəbəkə kimi fəaliyyət göstərir:
"Bu gün fəaliyyətimiz şəhər hüququ, mənzilin insan hüququ kimi tanınması, Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına dəstək üzərində qurulub".
C.Rafiq bildirib ki, UCLG-MEWA Yaxın Şərq və Qərbi Asiyada şəhərlərarası əməkdaşlıq platforması rolunu oynayır:
"Münaqişə, qaçqın axını, sürətli urbanizasiya və mənzil problemləri ilə üzləşən şəhərləri bir-biri ilə əlaqələndiririk. Bu əməkdaşlıq vasitəsilə şəhərlər strategiyalarını bölüşür, resurslarını birləşdirir və qlobal tərəfdaşlarla əlaqə qurur".