AZ

“Yaşıl şəhər” və “Ağıllı şəhər” konsepsiyaları gələcəyin həyat modeli kimi qiymətləndirilir” - ŞƏRH

“Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində müzakirə olunan bir çox məsələlərlə yanaşı, “Yaşıl şəhər” və “Ağıllı şəhər” konsepsiyaları da müzakirə olundu”.

Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev deyib.

Ekoloq bildirib ki, bu konsepsiyalar artıq təkcə memarlıq və infrastruktur məsələsi deyil, mən deyərdim ki, gələcəyin həyat modeli kimi qiymətləndirilir: “Bu isə çox doğru yanaşmadır, əslində belə də olmalıdır.

Bu baxımdan forum həm Azərbaycan, həm də iştirakçı ölkələr üçün çox mühüm platformadır. Məncə, forumun əsas faydalarından biri də müxtəlif ölkələrin şəhərsalma təcrübələrini paylaşması, yəni təcrübə mübadiləsinin aparılmasıdır. Dünyada urbanizasiya çox sürətlə artır və şəhərlər həm ekoloji, həm sosial, həm də texnoloji baxımdan yeni çağırışlarla üz-üzədir. Hər bir ölkənin də bu məsələyə öz yanaşması var. Ona görə də hər bir ölkənin öz yanaşmasını, öz təcrübəsini burada sərgiləməsi və bu təcrübənin mübadiləsi bütün iştirakçı ölkələr üçün çox faydalıdır.

“Yaşıl şəhər” modeli enerji səmərəliliyini, təmiz nəqliyyatı, yaşıllıq sahələrinin artırılmasını və insan sağlamlığının qorunması kimi məsələləri ön plana çıxarır. “Ağıllı şəhər” yanaşması isə rəqəmsal texnologiyalar vasitəsilə şəhər idarəçiliyinin daha çevik və effektiv qurulmasını hədəfləyir. Bunların hər ikisi müasir şəhərsalmada çox vacib məsələlərdir.

Azərbaycan üçün belə bir forumun keçirilməsi ölkənin beynəlxalq imicinə və ümumilikdə inkişafına da müsbət təsir göstərir. Baku artıq regional tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilib. Bu cür platformalar həm investisiya imkanlarını genişləndirir, həm də yerli mütəxəssislərin qlobal təcrübəyə çıxışını artırır.

Digər mühüm məqam ondan ibarətdir ki, şəhərsalma artıq yalnız binaların tikilməsi deyil, insanın yaşayış keyfiyyətinin formalaşdırılması kimi qəbul olunur. Gələcəyin şəhərləri daha ekoloji, daha təhlükəsiz və insanların yaşaması üçün daha rahat, uyğun məkanlar deməkdir. Belə forumlar dövlətləri uzunmüddətli və dayanıqlı inkişaf strategiyalarına təşviq edir.

Ümumilikdə hesab edirəm ki, bu forum ölkələr arasında əməkdaşlığı gücləndirən, innovativ həlləri təşviq edən və şəhərlərin gələcəyinə dair ortaq baxışı formalaşdıran mühüm beynəlxalq platformadır. Bunu yalnız alqışlamaq olar”.

Lətifə Abdıyeva

Seçilən
1
1
sia.az

2Mənbələr