AZ

Almaniyanın "Patriot"ları Rusiya-Türkiyə münasibətlərini poza bilər...



Əli Orucov: "Türkiyə NATO üçün kilid ölkədir və bu dövlət olmadan özlərini qlobal təhdidlərdən qoruya bilməzlər"

Son dövrlərdə Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniya rəhbərliyi, xüsusilə Almaniyanın xarici işlər naziri Johann Vadeful və kansler Fridrix Merz ilə intensiv təmaslar aparır. Görüşlərin əsas mövzuları müdafiə sənayesi əməkdaşlığı, Eurofighter təyyarələri, NATO çərçivəsində Avropa təhlükəsizliyi və Türkiyənin SAFE mexanizminə inteqrasiyası olub.

İndi isə Almaniyanın Türkiyəyə “Patriot” hava hücumundan müdafiə sistemləri və onlara xidmət göstərəcək hərbi personal göndərməyə hazırlaşdığı barədə məlumatlar yayılır. Rəsmi izahlarda bu addım NATO-nun cənub-şərq qanadının gücləndirilməsi və mümkün İran risklərinə qarşı tədbir kimi təqdim olunur.

Ancaq burada maraqlı sual yaranır: İran faktiki olaraq ABŞ və bəzi Qərb ölkələri ilə gərginlik yaşasa da, NATO ölkələrinin əksəriyyəti ilə birbaşa qarşıdurmada deyil. Hətta Avropa dövlətləri Tramp dövründə İrana qarşı hərbi xəttə tam dəstək verməmişdilər. Bu halda Almaniyanın Türkiyədə hərbi iştirakını artırması həqiqətən İrana qarşı yönəlmiş addımdırmı?

Yoxsa bu prosesin əsas strateji məzmunu Rusiyanın qarşısını almaq, NATO-nun Qara dəniz və cənub-şərq xəttini gücləndirmək, eyni zamanda Ankara-Moskva münasibətlərinə dolayı təsir göstərməkdir? Almaniyanın bu addımı Türkiyə-Rusiya münasibətlərində yeni gərginlik yaratmağa hesablanmış geosiyasi strategiyanın bir hissəsi sayıla bilərmi?

Politoloq Əli Orucov məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Ukrayna-Rusiya müharibəsi və ABŞ-İran qarşıdurması beynəlxalq siyasi düzənin yenidən formalaşdırılmasını və yeni təhlükəsizlik çətirinin yaradılmasını zəruri edib.

Onun sözlərinə görə, dünyada sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan ABŞ-ın təsir imkanlarının zəifləməsi, güc faktorunun əsas siyasi alətə çevrilməsi yeni reallıqlar və yeni yanaşmalar tələb edir: “Dünya artıq əvvəlki kimi deyil. Daha dinamik, daha sürətli və təhdidlərin artdığı bir mərhələyə daxil olub. Qütbləşmə dərinləşir, siyasi cinahlar daha aydın görünür. Bu baxımdan Qərb üçün təhlükəsizlik məsələləri ön plana çıxır”.

Politoloq qeyd edib ki, hərbi-siyasi blok olan NATO Rusiya, İran və Çin faktorundan ciddi şəkildə təsirlənir. ABŞ-ın birtərəfli siyasəti, öz maraqlarını qabartması və hətta NATO daxilində yaratdığı gərginlik müttəfiqlər arasında narahatlıq doğurur: "Alyans artıq məcburdur ki, öz təhlükəsizliyinin qayğısına özü qalsın. Bu baxımdan Türkiyənin rolu daha da artır. Türkiyə NATO daxilində hərbi güc baxımından ikinci ən vacib ölkə hesab olunur".

Əli Orucov bildirib ki, Yaxın Şərqdə artan qeyri-sabitlik, Rusiyanın təcavüzkar siyasəti və Çinin qlobal iddiaları fonunda Türkiyənin strateji əhəmiyyəti daha da yüksəlir: "Türkiyə NATO-nun ön cəbhəsidir. Alyansa yönələn əsas təhlükələr də məhz onun cənub-şərq qanadından gəlir. Bu təhdidlər yalnız hərbi deyil, həm də humanitar və kriminal xarakter daşıyır".

Politoloq əlavə edib ki, Türkiyə son illərdə müdafiə qabiliyyətini gücləndirir, hərbi sənaye kompleksini modernləşdirir və qlobal silah bazarında uğurla rəqabət aparır. Onun fikrincə, ABŞ-dan kənar təhlükəsizlik təminatı yaratmağa çalışan Qərb üçün Ankara mühüm tərəfdaşa çevrilib.

Əli Orucov həmçinin vurğulayıb ki, İsrail və ABŞ-ın NATO-nu, eləcə də Türkiyəni regional müharibələrə cəlb etmək cəhdləri nəticəsiz qalsa da, risk tam aradan qalxmayıb. O qeyd edib ki, İranın da NATO ilə birbaşa hərbi qarşıdurmaya getmək niyyəti görünmür.

Sonda politoloq bildirib ki, əvvəllər Türkiyəyə silah və hərbi texnologiya satışına müxtəlif bəhanələrlə məhdudiyyət qoyan bəzi Avropa ölkələri, xüsusilə Almaniya artıq siyasətinə yenidən baxmağa məcbur qalır.

Akif NƏSİRLİ

Seçilən
11
baki-xeber.com

1Mənbələr