Bakı, 21 may, AZƏRTAC
Kiçik və orta biznes (KOB) subyektləri iqtisadi strategiyaların həyata keçirilməsində, yerli inkişafın təşviqi, davamlılıq və dayanıqlı inkişaf üçün vacib alətlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisindəki Biznes və İnnovasiya Mərkəzində “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirəsindəki çıxışında deyib.
O bildirib ki, həm müasir inkişaf meyillərinin, həm də əməkdaşlıq və inteqrasiyanın əhəmiyyəti getdikcə artır: “Müxtəlif təşəbbüslər vasitəsilə KOB ekosisteminin gücləndirilməsi istiqamətində işlər davam etdirilir və əsas diqqət maliyyə sabitliyi, rəqəmsal transformasiya və ticarətin inkişafına yönəldilir. Bu istiqamət müəssisələrin inkişafı məsul qurumlar və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Bu yanaşma yalnız qlobal səviyyədə deyil, həm də yerli iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Bir çox İƏT və inkişaf etmiş ölkələrdə bu yanaşma göstərir ki, KOB siyasəti artıq yalnız sahibkarlığın inkişafı məsələsi deyil. Bu, eyni zamanda, karbon emissiyalarının azaldılması, korporativ məsuliyyətin gücləndirilməsi və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi ilə bağlı strateji yanaşmadır”.
“Bununla belə, KOB-lar müxtəlif çağırışlarla da üzləşirlər. İlk növbədə, KOB-ların rəqabət qabiliyyətinin və inkişaf potensialının artırılması üçün daha güclü dəstək mexanizmlərinin yaradılması vacibdir”, - deyə İƏT rəsmisi əlavə edib.
Fotoqraf – İlkin Cavanşirov