AZ

Nəzakətli "neytrallıq" oyunu: Çin Rusiyanın hərbi maşınını gizli şəkildə dəstəkləyir - "The Economist"

 
Pekin formal olaraq neytral mövqe nümayiş etdirsə də, Rusiya hərbi-sənaye kompleksinin əsas dayaqlarından birinə çevrilib...
 
Qərbin sanksiyalarını sərtləşdirməsi fonunda Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirmək üçün Çindən asılılığı daha da artır. Pekin rəsmi şəkildə "neytral" mövqe tutduğunu bəyan etsə də, faktiki olaraq Rusiyanın hərbi-sənaye kompleksini kritik əhəmiyyətli məhsullarla təmin edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazıb.
 
Çin Rusiyaya necə dəstək verir?
 
Nəşrin məlumatına görə, Çin Rusiyaya hazır silah sistemləri vermir, lakin geniş çeşiddə "ikili təyinatlı" məhsullar göndərir. Buraya mikroelektronika, yarımkeçiricilər, sənaye avadanlıqları və pilotsuz aparat komponentləri daxildir.
Ekspertlər hesab edir ki, məhz bu məhsullar Rusiyaya yüksək dəqiqlikli raketlər və dronlar istehsal etməyə imkan yaradır. Xüsusilə FPV-dronlar üçün komponentlərin əsas hissəsinin Çindən gəldiyi vurğulanır.
 
Bundan başqa, Rusiya müdafiə sənayesinin Çin istehsalı olan rəqəmsal idarəetməli dəzgahlardan ciddi asılı vəziyyətə düşdüyü bildirilir. Bəzi qiymətləndirmələrə görə, Rusiyanın bu tip avadanlıqlar idxalının 90 faizə qədəri məhz Çinin payına düşür.
 
Barıt istehsalı üçün vacib xammal da Çindən gəlir
 
Məqalədə qeyd olunur ki, Çin Rusiyaya nitrosellüloza tədarükünü də artırır. Bu maddə barıt, artilleriya mərmiləri və raket yanacağı istehsalında əsas xammallardan sayılır. Qərb rəsmilərinin məlumatına görə, tədarüklərin bir hissəsi vasitəçilər və mürəkkəb logistika zəncirləri vasitəsilə həyata keçirilir. Rusiya müəssisələri isə formal olaraq "mülki fəaliyyət" görüntüsünü qoruyur. Nəşr vurğulayır ki, Avropa İttifaqının digər təchizatçılara qarşı sanksiyalarından sonra Çinin Rusiyanın hərbi maşınındakı rolu daha da güclənib.
 
"Neytrallıq" Moskva və Pekin üçün sərfəlidir
 
Nəşr hesab edir ki, Pekinin yaxın gələcəkdə Rusiyaya dəstəyini azaltması ehtimalı azdır. Çünki Çin şirkətləri bundan ciddi gəlir əldə edir, Rusiya isə əvəzində Çinə ucuz neft və qaz verir. Nəşrin qənaətinə görə, "ikili təyinat" anlayışı ətrafında qurulan "nəzakətli neytrallıq" görüntüsü məharətlə qorunur.
 
Eyni zamanda, müharibədən sonra da Rusiyanın Çindən asılı "kiçik tərəfdaş" kimi qalacağı ehtimal edilir. Bu arada Moskva və Pekin son aylarda əməkdaşlığı daha da genişləndirir. Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə Pekində Si Tszinpin ilə görüş keçirib. Tərəflər ticarət, texnologiya, elm və intellektual mülkiyyət sahələrində bir sıra yeni sazişlər imzalayıb.
Seçilən
30
moderator.az

1Mənbələr