AZ

Oğurluq zamanı mənzilə dəyən zərəri sığorta ödəməlidir, yoxsa…?

Evə oğru girdikdə və ya mənzildə oğurluq hadisəsi baş verdikdə, bir çox vətəndaşı düşündürən əsas məsələlərdən biri də dəymiş zərərin sığorta tərəfindən qarşılanıb-qarşılanmamasıdır. Xüsusilə qapı, pəncərə və ev əşyalarına dəyən zərərin hansı hallarda ödənilməsi maraq doğurur.

Bəs oğurluq zamanı həm mənzilə, həm də evdəki əşyalara görə sığorta ödənişi almaq mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sığorta eksperti Emil Ağabağırov bildirib ki, burada iki əsas məqam nəzərə alınmalıdır:

Sığortada

“Daşınmaz əmlakın icbari siğortası mövcuddur. Bu siğorta əsasən tikilinin özünə təminat verir. Əgər oğurluq hadisəsi zamanı oğru qapını sındırarsa, pəncərəni zədələyərsə və ya evin təmirinə xəsarət yetirərsə, həmin hallar siğorta təminatına düşür.

Lakin könüllü daşınmaz əmlak siğortasında vəziyyət fərqlidir. Əgər vətəndaş evdəki daşınan əmlakını da könüllü şəkildə siğorta etdiribsə, bu zaman evin içindəki əşyaların oğurlanmasına görə də ödəniş almaq mümkündür. Məsələn, mebel, stol, stul, kondisioner və digər əşyalar oğurlanarsa, siğorta təminat verir”.

Ekspert qeyd edib ki, bu qayda yalnız mənzillərə deyil, obyektlərə də aiddir:

“Məsələn, geyim mağazası daşınan əmlakını siğorta etdiribsə və oğurluq zamanı mallar aparılarsa, həmin məhsullara görə də sığorta ödənişi həyata keçiriləcək”.

Mütəxəssis vətəndaşlara oğurluq risklərini nəzərə alaraq yalnız mənzilin deyil, evdəki əşyaların da ayrıca sığortalanmasını tövsiyə edib.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
12
konkret.az

1Mənbələr