Çin-Rusiya münasibətlərinin "yeni dövrü"
Si Cinpin ilə Putin arasında son illərdə keçirilən görüşlər göstərir ki, tərəflər münasibətləri klassik diplomatik əməkdaşlıq mərhələsindən çıxarıb geosiyasi koordinasiya səviyyəsinə yüksəldiblər. 2019-cu ildə Si Cinpinin Moskvaya səfərindən sonra qəbul olunan birgə bəyanatda münasibətlər "yeni dövrə qədəm qoyan hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqə modeli" kimi xarakterizə edildi. 2023-cü ildə isə tərəflər strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi barədə bəyanat qəbul etdilər. 2024 və 2025-ci illərdə qarşılıqlı səfərlər zamanı enerji, investisiya, təhlükəsizlik, texnologiya, media və nəqliyyat sahələrini əhatə edən çoxsaylı sənədlərin imzalanması artıq bu münasibətlərin taktiki deyil, uzunmüddətli geosiyasi layihə olduğunu göstərir. Bunun əsas səbəbi Qərblə münasibətlərdə həm Moskvanın, həm də Pekinin artan təzyiq altında olmasıdır. ABŞ və onun müttəfiqlərinin həm Rusiyaya, həm də Çinə qarşı tətbiq etdiyi siyasi və iqtisadi məhdudiyyətlər bu iki gücü bir-birinə daha çox yaxınlaşdırıb.
Pekinin əsas hədəfi: zəif, amma asılı Rusiya
Lakin Çin-Rusiya münasibətlərinin mahiyyətinə daha dərindən baxdıqda burada bərabər tərəfdaşlıqdan çox, strateji asılılıq modeli görünür. Pekin anlayır ki, zəifləyən Rusiya onun üçün həm böyük enerji bazası, həm ucuz xammal mənbəyi, həm də ABŞ qarşısında geosiyasi tampon rolunu oynayır. Buna görə də Çin Moskvanın tam çökməsində maraqlı deyil. Amma eyni zamanda Kremlin yenidən güclənməsi də Pekinin maraqlarına uyğun deyil. Çinin strateji hesablaması ondan ibarətdir ki, Rusiya nə qədər zəif və Qərbdən təcrid olunmuş vəziyyətdə qalarsa, bir o qədər Pekinin təsir dairəsinə düşəcək. Məhz buna görə Pekin Ukrayna məsələsində son dərəcə ehtiyatlı davranır. Çin Rusiyanı açıq şəkildə müdafiə etmir, Krımı rəsmi olaraq Rusiyanın ərazisi kimi tanımır, BMT-də əksər hallarda neytral mövqe tutur və Moskvanın gözlədiyi səviyyədə hərbi-siyasi dəstək vermir. Pekin Rusiyanın Qərblə tam qarşıdurmaya girməsini öz maraqları üçün faydalı hesab edir. Çünki bu halda Moskva iqtisadi, texnoloji və maliyyə baxımından daha çox Çindən asılı vəziyyətə düşür. Bugünkü reallıqda Rusiyanın enerji ixracında əsas istiqamətlərdən biri artıq Çin bazarıdır. Rusiya üçün Çin alternativ deyil, strateji zərurətə çevrilib. Bu isə Kremlin manevr imkanlarını məhdudlaşdırır.
Dünyanın yeni güc mərkəzi: Çin
Putinin Pekinə səfərinin ən mühüm mesajlarından biri də beynəlxalq sistemdə qüvvələr balansının dəyişməsidir. Bir neçə il əvvələ qədər dünya siyasətində əsas dominant güc yalnız ABŞ hesab olunurdusa, hazırda Çin artıq yüksələn supergüc statusunu praktik olaraq təsdiqləyib. Pekin iqtisadi, texnoloji, hərbi və diplomatik gücü ilə Vaşinqtonun əsas rəqibinə çevrilib. Xüsusilə Donald Tramp dövründən sonra ABŞ-Çin rəqabəti daha açıq və sərt xarakter alıb. Vaşinqtonun Çinə qarşı texnologiya, ticarət və geosiyasi məhdudiyyətləri Pekini daha sürətli şəkildə qlobal alternativ güc mərkəzinə çevrilməyə sövq edib. Bu gün artıq beynəlxalq münasibətlər sistemi faktiki olaraq iki əsas supergüc üzərində formalaşır: ABŞ və Çin. Digər regional və qlobal güclər isə getdikcə bu iki mərkəzdən birinin təsir dairəsinə yaxınlaşırlar. Rusiya formal olaraq böyük hərbi güc statusunu qorusa da, iqtisadi və texnoloji baxımdan Çinlə müqayisədə daha zəif mövqedədir. Bu səbəbdən Moskva artıq Pekinlə münasibətlərdə "böyük tərəfdaş" deyil, daha çox strateji tərəfdaş adı altında Çinin geosiyasi orbitinə daxil olan güc kimi görünür.
Moskva-Pekin əməkdaşlığının əsas istiqamətləri
Son səfər zamanı imzalanan sənədlər göstərir ki, əməkdaşlıq aşağıdakı istiqamətlər üzrə dərinləşəcək: enerji və qaz layihələri; milli valyutalarla ticarət; logistika və Şimal nəqliyyat marşrutları; kosmik sənaye; kənd təsərrüfatı; texnologiya və sənaye istehsalı; təhsil və kadr hazırlığı; media və informasiya əməkdaşlığı. Hazırda Rusiya ilə Çin arasında hesablaşmaların demək olar ki, tamamilə milli valyutalarla aparılması Qərbin maliyyə sistemindən uzaqlaşma strategiyasının tərkib hissəsidir. Bu əməkdaşlıq modeli BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də gücləndirilir. Hər iki ölkə ABŞ dominantlığının zəiflədiyi çoxqütblü dünya modelini təşviq edir.
"Çoxqütblü dünya" ideyası və reallıq
Moskva və Pekin "ədalətli çoxqütblü dünya" ideyasını irəli sürsələr də, faktiki proseslər göstərir ki, yeni sistem də yenə böyük güclərin rəqabəti üzərində qurulur. Sadəcə fərq ondadır ki, əvvəl təkqütblü ABŞ dominantlığı var idisə, indi Çin ikinci qlobal güc kimi ortaya çıxır. Putinin Pekinə səfəri də bu mənada simvolik xarakter daşıyır. Kreml dünyaya göstərmək istəyir ki, Qərbin sanksiyalarına baxmayaraq, Rusiya təcrid olunmayıb və dünyanın yüksələn supergücü olan Çinlə strateji ittifaqdadır. Pekin isə bu səfər vasitəsilə özünün artıq qlobal sistemin əsas oyunçularından biri olduğunu nümayiş etdirir. Çin həm iqtisadi gücü, həm diplomatik təsiri, həm də geosiyasi imkanları ilə artıq ABŞ-dən sonra dünyanın ikinci supergücü deyil, bəzi istiqamətlərdə Vaşinqtona alternativ qlobal lider kimi çıxış edir.
Putinin Pekinə səfəri göstərdi ki, Rusiya-Çin münasibətləri yaxın illərdə daha da dərinləşəcək. Lakin bu yaxınlaşma bərabərhüquqlu tərəfdaşlıqdan çox, dəyişən qlobal güc balansının məhsuludur. Rusiya Qərblə qarşıdurma fonunda Çinə daha çox yaxınlaşmağa məcburdur. Çin isə bu vəziyyətdən maksimum geosiyasi və iqtisadi üstünlük qazanmağa çalışır. Pekin eyni zamanda Rusiya faktorundan Avropa ilə bazarlıqda faydalanmağa çalışaraq daha əlverişli mövqeyə sahiblənməyə çalışır. Pekin üçün ideal model zəifləmiş, amma sabit və idarəolunan Rusiyadır. Bu halda Çin həm ABŞ-yə qarşı strateji dayağa sahib olur, həm ucuz enerji və resurs əldə edir, həm də Avrasiya məkanında təsir imkanlarını genişləndirir.
Beləliklə, Putinin Pekinə səfəri təkcə iki ölkə arasındakı münasibətlərin göstəricisi deyil, həm də XXI əsrdə formalaşan yeni dünya düzəninin ABŞ və Çin mərkəzli ikiqütblü sistemin açıq nümayişidir.
Mürtəza Bünyadlı
Siyasi şərhçi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31