AZ

FT: İran rəsmiləri Müctəba Xameneinin ölkəni idarə etdiyi görüntüsünü yaratmağa çalışırlar...

İran rəhbərliyində qeyri-müəyyənliyin artdığı bir vaxtda rəsmi Tehran ali lider Müctəba Xameneinin vəziyyətinin sabit və nəzarətin tam şəkildə onun əlində olduğu mesajını verməyə çalışır...

Poliqon xəbər verir ki, Financial Times nəşrinin yaydığı məlumata görə, İranın ali lideri Müctəba Xamenei bir neçə aydır ictimaiyyət qarşısında görünməsə də, İslam Respublikası rəsmiləri onun ölkəni idarə etməyə davam etdiyi təəssüratını formalaşdırmağa çalışıblar.

Nəşrin yazdığına görə, Xameneinin səhhəti və harada olması ilə bağlı sualların artdığı dövrdə İran rəsmiləri son həftələrdə onun vəziyyəti barədə məhdud məlumatlar yaymağa başlayıblar. Məqsəd həm İran cəmiyyətinə, həm də xarici rəqiblərə ali liderin sağlam olduğu və dövlət idarəçiliyinə tam nəzarət etdiyi mesajını vermək olub.

Məlumata əsasən, rəsmi şəxslərin Xamenei barədə ardıcıl açıqlamaları xüsusilə İranın ABŞ ilə aparılan danışıqları fonunda diqqət çəkib. Bildirilib ki, Tehran rəhbərliyi nüvə proqramı, müharibənin dayandırılması və Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı mümkün razılaşmaların yekun qərarının məhz ali lider tərəfindən veriləcəyini nümayiş etdirməyə çalışıb.

Nəşr qeyd edib ki, İran rəsmilərinin Xameneinin vəziyyəti barədə daha açıq danışmağa başlaması daxildə ultramühafizəkar dairələrin təzyiqləri ilə də bağlıdır. Həmin siyasi qüvvələr ABŞ ilə mümkün kompromislərə qarşı çıxır və hökumətin hər hansı güzəştə getməsini qəbul etmirlər.

Bununla yanaşı, İran hakimiyyəti ölkədə real idarəetmənin faktiki olaraq İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən həyata keçirildiyi barədə yayılan ehtimalları da zəiflətməyə çalışıb.

FT-nin danışdığı analitiklər hesab ediblər ki, ölkə rəhbərliyi təhlükəsizlik risklərinin davam etdiyini düşündüyü müddətdə ali liderlə bağlı qeyri-müəyyənlik tam aradan qalxmayacaq. Ekspertlərin fikrincə, İran hakimiyyəti yeni müharibə və ya rəhbər şəxslərə qarşı mümkün sui-qəsd təhlükəsini nəzərə alaraq hakimiyyət tranzitinin tez-tez baş verməsinin qarşısını almağa çalışır.

Analitiklərdən biri bildirib ki, qərar qəbul edən şəxslər ölkənin hər bir neçə aydan bir yeni lider seçmək məcburiyyətində qalmasını istəmirlər və təhlükəsizlik tədbirləri İran rəhbərliyinin yenidən hədəfə çevrilməsinin qarşısını almağa hesablanıb.

Poliqon.info

Seçilən
41
poliqon.info

1Mənbələr