AZ

Bakıdan dünyaya: İnkişafın yeni formulu

“BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü Sessiyasının Azərbaycanda keçirilməsi təkcə beynəlxalq tədbir kimi deyil, həm də ölkənin yeni inkişaf modelinin qlobal təqdimatı baxımından mühüm siyasi-iqtisadi hadisədir. Dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndənin, ekspertin, investorun və beynəlxalq təşkilat təmsilçilərinin Bakıya toplaşması göstərir ki, Azərbaycan artıq regional deyil, qlobal urbanizasiya və inkişaf gündəliyinin mühüm iştirakçılarından birinə çevrilir”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

O qeyd edib ki, əslində WUF-un mahiyyəti yalnız memarlıq və şəhər planlaşdırılması ilə məhdudlaşmır. Forumun əsas fəlsəfəsi şəhərlərin iqtisadi inkişafın əsas mühərriki kimi çıxış etməsi ideyasına söykənir: “Müasir dövrdə dövlətlərin iqtisadi gücü artıq yalnız təbii resurslarla və ya sənaye potensialı ilə ölçülmür. Qlobal rəqabətdə üstünlük daha çox inkişaf etmiş şəhərlərə, güclü logistika şəbəkələrinə, rəqəmsal infrastruktura və yüksək insan kapitalına malik ölkələrə keçir.

Bu gün dünya iqtisadiyyatının əsas hissəsi şəhərlərdə formalaşır. Böyük maliyyə axınları, texnoloji innovasiyalar, xidmət sektoru və yüksək gəlirli iş yerləri məhz urban mərkəzlərdə cəmləşir. Düzgün planlaşdırılmış şəhərlər investisiyanı daha sürətlə cəlb edir, sahibkarlıq fəaliyyətini genişləndirir və iqtisadi aktivliyi artırır. Bu baxımdan şəhərsalma artıq sosial layihə deyil, birbaşa iqtisadi strategiyadır”.

Deputat əlavə edib ki, şəhər iqtisadiyyatının effektivliyi isə ilk növbədə infrastrukturun keyfiyyətindən asılıdır: “Güclü nəqliyyat sistemi, metro və dəmir yolu şəbəkələri, liman infrastrukturu, rəqəmsal xidmətlər, enerji və kommunal təminat biznes xərclərini azaldır, logistikanı sürətləndirir və məhsuldarlığı artırır. Təsadüfi deyil ki, son illərdə dünyada “15 dəqiqəlik şəhər” modeli geniş populyarlıq qazanıb. Bu yanaşma insanların işə, təhsilə, səhiyyəyə və xidmətlərə qısa müddətdə çıxışını təmin etməklə həm vaxt itkisini, həm də iqtisadi səmərəsizliyi minimuma endirir.

Digər tərəfdən, şəhərsalma daşınmaz əmlak və tikinti sektorunun inkişafına da ciddi təsir göstərir. Yeni yaşayış massivləri, biznes mərkəzləri, sənaye parkları, ticarət zonaları və sosial infrastruktur layihələri minlərlə yeni iş yeri yaradır, maliyyə sektorunun aktivliyini artırır və uzunmüddətli kapital formalaşdırır. Bu proses şəhərlərin iqtisadi dəyərini artırmaqla yanaşı, ümumi daxili məhsulun artımına da mühüm töhfə verir.

Lakin müasir urbanizasiya siyasətində əsas məsələ yalnız şəhərlərin böyüməsi deyil. Çünki plansız urbanizasiya nəqliyyat sıxlığı, sosial bərabərsizlik, mənzil böhranı və ekoloji problemlər yaradır. Bu isə nəticədə iqtisadi artımın keyfiyyətini zəiflədir və sosial sabitliyi risk altına salır. Məhz buna görə WUF-un əsas yanaşması “sadəcə böyüyən şəhər” deyil, “dayanıqlı və inklüziv şəhər” modelidir. Burada iqtisadi inkişaf sosial rifah, ekoloji balans və insan yönümlü idarəetmə ilə paralel şəkildə həyata keçirilməlidir.

Azərbaycan üçün şəhərsalma ilə iqtisadiyyat arasındakı əlaqə xüsusi strateji əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yeni şəhərsalma konsepsiyası ölkənin gələcək iqtisadi modelinin əsas elementlərindən birinə çevrilir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yaşıl enerji zonalarının yaradılması, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və müasir logistika infrastrukturu Azərbaycanın postneft dövrünə hazırlıq strategiyasının mühüm hissəsidir.

Bununla yanaşı, Bakı və Sumqayıtda həyata keçirilən urbanizasiya layihələri, Orta Dəhliz ətrafında logistika şəhərlərinin inkişafı və nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi Azərbaycanın regional iqtisadi mərkəzə çevrilməsi istiqamətində mühüm addımlar hesab olunur. Xüsusilə Orta Dəhlizin qlobal ticarət marşrutu kimi əhəmiyyətinin artması şəhər iqtisadiyyatı ilə logistika siyasətini bir-biri ilə daha sıx şəkildə əlaqələndirir.
Bu baxımdan WUF13 platforması Azərbaycan üçün yalnız imic məsələsi deyil. Forum investisiya cəlbi, beynəlxalq urban texnologiyalarına çıxış, qabaqcıl şəhər idarəçiliyi modellərinin öyrənilməsi və dayanıqlı inkişaf strategiyalarının tətbiqi baxımından mühüm imkanlar yaradır. Azərbaycanın belə bir qlobal platformaya ev sahibliyi etməsi ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onun gələcəyin şəhər iqtisadiyyatına əsaslanan yeni inkişaf modelinə keçid etdiyini də nümayiş etdirir”.

Mürtəza

Seçilən
5
olke.az

1Mənbələr