AZ

“Heydər Əliyev və müstəqil Azərbaycan”

Mayın 21-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Aparatında  “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda növbəti seminarı keçirilmişdir.

“İki sahil” xəbər verir ki, Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışaraq qeyd etdi ki, hər bir xalqın tarixində unudulmayan hadisələr çox, dahi şəxsiyyətlər isə az olur. Belə şəxsiyyətlər həmişə tərəqqiyə xidmət edən ali məqsədlər uğrunda gedən mübarizənin bayraqdarı olub, siyasi fürsətlərdən xalqının xoşbəxt gələcəyi naminə məharətlə, müdrikliklə istifadə edib, gələcəyə doğru inamla addımlayıblar. “Ulu öndər Heydər Əliyev bənzərsiz ictimai-siyasi fəaliyyəti və mənalı ömür yolu ilə hər bir azərbaycanlının qəlbində silinməz iz qoymuş dünyaşöhrətli liderdir. O, xalqımızın yaddaşına xilaskarlıq missiyasını uğurla tamamlayan tarixi bir şəxsiyyət kimi həkk olunub. Diqqətçəkən ən mühüm məqamlardan biri odur ki, Heydər Əliyev SSRİ dövlət təhlükəsizlik orqanlarında sıravi əməkdaşlıqdan rəhbərliyə ucalan ilk azərbaycanlı olmuşdur. Sovet rejiminin amansız qanunlarına rəğmən, onun 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişi ölkədə güclü iqtisadi və elmi tərəqqi yaratmaqla bərabər, həm də ədəbi-mədəni dirçəlişə və azad düşüncəyə zəmin hazırladı. Totalitar sistemin ideoloji məsələləri ciddi nəzarətdə saxladığı bir dönəmdə belə, o, Azərbaycanın milli mənafelərinin, mədəni və mənəvi sərvətlərinin qorunması naminə bütün imkanları səfərbər etmişdir”.

Seyfəddin Əliyev çıxışında bildirdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönələn müdrik siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və hazırda ölkəmiz müasir inkişafının ən parlaq dövrünü yaşayır. Dövlət başçısının müvafiq sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu uzaqgörən siyasətin bariz nümunəsi olmaqla yanaşı, ölkəmizin həm də Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) uğurla ev sahibliyi edərək qlobal urbanizasiya mərkəzinə çevrilməsinə geniş üfüqlər açır.

Şəhər 1 saylı məktəbin müəllimi Səməd Məmiyev çıxış edərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev elə nadir şəxsiyyət­lərdəndir ki, tarix belə dahilərin əməlləri, fəaliyyətləri ilə yaranır. Böyük tarixi qis­mətdir ki, Heydər Əliyevin ikinci qayıdışı ilə vətən naminə qurub-yaradan və dün­yaya tanıdılmaq fəlsəfəsi olan azərbay­cançılıq dövlətin milli-siyasi məfkurəsinə çevrildi. Onun bütün fəaliyyəti boyunca milli amil aparıcı xətt kimi özünü büruzə verir. Heydər Əliyev "azərbaycançılığı" bir ideologiya olaraq irəli sürməklə, ölkə­nin dağılması, ərazisinin etnik əlamətlərə görə parçalanması təhlükəsinin qarşısını almaq vəzifəsini icra etdi. Ümummili lider bu ideya ilə bağlı əvvəlki iki yüz ilə yaxın bir dövr ərzində aydın düşüncə sahiblə­rimizin ortaya qoyduğu çoxsaylı fikirləri yaradıcı şəkildə inkişaf etdirərək azər­baycançılıq məfkurəsinə yeni bir ideoloji məzmun verdi.

Seminarda iştirak edən Şəhriyar Mübarizli, Nail Cəbiyev və başqaları dövlətimizin keçdiyi çətin müstəqillik yolundan bəhs edərək, ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərindən danışıblar.

Seçilən
21
ikisahil.az

1Mənbələr