"Son illərdə regionumuzda da iqlim dəyişikliyinin təsirləri daha çox hiss olunur. Bakıda keçirilən COP29 da məhz bu baxımdan mühüm qərarların qəbul edilməsi üçün əhəmiyyətli platforma oldu. Xüsusilə iqlim dəyişiklikləri bəzi ölkələrin iqtisadi inkişafına da təsir göstərir. Buna görə də həm şəhərsalma, həm də infrastruktur layihələrinin icrası zamanı iqlim amili mütləq nəzərə alınmalıdır".Bu fikirləri Metbuat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF) çərçivəsində müasir şəhərlərin qarşılaşdığı problemlərdən danışarkən bildirib. Onun sözlərinə görə, qeyd olunan məsələlər hər bir şəhər üçün prioritet yanaşmalar tələb edir və Bakı da bu baxımdan istisna deyil:"Bəzi ərazilərdə iqlim faktorlarının təsiri nəticəsində infrastrukturun zədələnməsi, torpaq sürüşmələri və yol şəbəkəsində nasazlıqlar qeydə alınır. Bu isə şəhərsalma və planlaşdırma proseslərində iqlim amillərinin daha ciddi nəzərə alınmasını zəruri edir. İri şəhərlərdə əhalinin yaşlanması və az mobilliyi olan qrupların artması inklüziv şəhər planlaşdırmasını daha da aktuallaşdırır". Ekspert qeyd edib ki, WUF çərçivəsində təqdim olunan inklüziv şəhər mühiti təcrübələri gələcək şəhər inkişafı üçün mühüm nümunə ola bilər.Gülbəniz Hüseynli / Mətbuat.az