AZ

Fatma Yıldırım: Azərbaycan dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləyən məsuliyyətli tərəfdaş kimi çıxış edir

Bakı, 21 may, AZƏRTAC

Müasir dünyada dayanıqlılıq yalnız ekoloji anlayış kimi qəbul olunmur. Bu gün dayanıqlılıq iqtisadi inkişafın, sosial məsuliyyətin və effektiv idarəetmənin əsas sütunlarından birinə çevrilib. Dünyanın qarşıladığı iqlim dəyişiklikləri, urbanizasiya və resurs çatışmazlığı kimi çağırışlar göstərir ki, gələcəyin inkişaf modeli məhz dayanıqlı yanaşma üzərindən qurulmalıdır. Bu baxımdan WUF13-ün Bakıda keçirilməsi olduqca önəmlidir. Bu tədbir Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunun qlobal inkişaf gündəliyində fəal iştirakının və müasir şəhərsalma siyasətinin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada çıxışı zamanı Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Azərbaycanın, eyni zamanda, dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləyən məsuliyyətli tərəfdaş kimi çıxış etdiyini deyən F.Yıldırım fikirlərinə belə davam edib: "SPS standartları xüsusi diqqətəlayiq təşəbbüsdür. Çünki ilk dəfə olaraq beynəlxalq dayanıqlılıq prinsiplərinin Azərbaycanın milli reallıqlarına uyğun şəkildə sistemləşdirilməsi və praktik tətbiq modeli təklif olunur. Həmin standart müxtəlif sahələrdə tədbir idarəçiliyindən tutmuş turizm ictimai məkanlardan xidmət sektoruna qədər məsuliyyətli və davamlı fəaliyyət mexanizmlərinin formalaşmasına xidmət edəcək", - deyə F. Yıldırım qeyd edib.

Müxbirlər - Göyçək Mahmudlu, Elgün Niftəli
Fotoqraf - İlqar Cəfərov
Videooperator - Şövqi Əzizov
Seçilən
29
1
azertag.az

2Mənbələr