AZ

“Qarabağ və Şərqi Zəngəzur“ağıllı şəhər” və “ağıllı kənd” yanaşmaları ilə diqqət çəkir.” - POLİTOLOQ DANIŞDI

“Son illərdə Azərbaycan COP29, Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən tədbirlər və digər qlobal platformalar vasitəsilə çoxtərəfli əməkdaşlığa açıq, etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib. Ümumdünya Şəhərsalma Forumunun Bakıda təşkili də bu strategiyanın davamı kimi qiymətləndirilir. Bu tədbir ölkənin qlobal şəhərsalma gündəliyində fəal iştirak etdiyini və dayanıqlı urban inkişaf konsepsiyalarına xüsusi önəm verdiyini nümayiş etdirir”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, Forum həm də Azərbaycanın iri miqyaslı şəhərsalma layihələrinin beynəlxalq ictimaiyyətə təqdimatı üçün mühüm platforma rolunu oynayır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən yenidənqurma işləri “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmaları ilə diqqət çəkir. Azərbaycan bu forum vasitəsilə post-münaqişə ərazilərində tətbiq etdiyi müasir urban inkişaf modelini nümayiş etdirir və həm bərpa, həm də dayanıqlı şəhərsalma sahəsində əldə etdiyi təcrübəni paylaşır.

Eyni zamanda, minlərlə beynəlxalq ekspertin, investorun və şəhərsalma mütəxəssisinin Bakıya gəlməsi turizm və xidmət sektoruna müsbət təsir göstərməklə yanaşı, yeni əməkdaşlıq imkanları yaradır. Forum çərçivəsində aparılan fikir mübadilələri isə nəqliyyat, ictimai infrastruktur, ekoloji planlaşdırma və rəqəmsal şəhər idarəçiliyi sahələrində yeni yanaşmaların formalaşmasına töhfə verir.

Ümumilikdə, Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, urban inkişaf strategiyalarının qlobal səviyyədə tanıdılmasına və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir. Forum Azərbaycanın qlobal transformasiya proseslərində fəal iştirak edən, gələcəyin şəhərlərinin formalaşmasında söz sahibi olmağa çalışan bir ölkə kimi mövqeyini daha da gücləndirdiyini göstərir”.

Müəllif: Günay Hacıyeva
Seçilən
38
sia.az

1Mənbələr