AZ

Zehra Zümrüt Selçuk: 2050-ci ildə dünyada şəhərlərdə yaşayan əhalinin 6,5–6,6 milyarda çatacağı proqnozlaşdırılır

BAKI, 21 may. TELEQRAF

2050-ci ildə dünyada şəhərlərdə yaşayan əhalinin 6,5–6,6 milyarda çatacağı, İslam Əməkdaşlıq Təşkilatı ölkələrində isə bu rəqəmin təxminən 1,9 milyarda yüksələcəyi proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin baş direktoru Zehra Zümrüt Selçuk jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İƏT ölkələrində urbanizasiya sürəti dünya ortalamasından daha yüksək olacaq:

“Buna görə də qarşıdakı 20 il ərzində bizim xüsusilə şəhərsalma sahəsində daha sürətli hərəkət etməyimiz, həm yaranan imkanlardan istifadə etməyimiz, həm də qarşıya çıxan çağırışları daha effektiv şəkildə idarə etməyimiz vacibdir.

Ən vacib mövzulardan kiçik və orta bizneslərdir. Niyə KOB-lar? Çünki hazırda bir çox ölkələrimizdə müəssisələrin təxminən 90%-ni və məşğulluğun təxminən 50%-ni onlar təmin edir. Buna görə də KOB-lar iqtisadiyyatın əsas sütunlarından biridir və biz onlara xüsusi önəm veririk.

Azərbaycanla da bu istiqamətdə KOBİA ilə çox yaxşı əməkdaşlığımız var. Ötən ilin oktyabrında KOBİA ilə birlikdə OIC SME Net təşəbbüsünü yaratdıq. Bu şəbəkə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə KOB agentliklərini və qurumlarını bir araya gətirən, əməkdaşlıq və koordinasiyanı gücləndirən bir platformadır. Bu platforma həm maliyyəyə çıxış, həm əməkdaşlıq, həm də bilik və təcrübə mübadiləsi üçün çox vacibdir. Şəhərsalma kontekstində də bu şəbəkənin əhəmiyyəti böyükdür. Eyni zamanda qadın və gənclərin sahibkarlığının, xüsusilə gənc KOB-ların dəstəklənməsi baxımından da mühüm rol oynayır.

Dünya Şəhərsalma Forumunda KOB mövzusunun ön plana çıxması şəhərsalma ilə KOB-lar arasında nə qədər güclü əlaqə olduğunu göstərmək baxımından çox dəyərlidir”.

Seçilən
43
teleqraf.com

1Mənbələr