AZ

Ukrayna müharibəsinin yeni mərhələsi: Kiyev Rusiyanın dərinliklərini vurur - "Deutsche Welle"

 
Ukrayna PUA hücumlarını genişləndirir, ekspertlər isə bunun müharibənin gedişini dəyişən yeni mərhələ olduğunu deyirlər...
 
Rusiyanın Ukrayna şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə davamlı hücumlarına cavab olaraq Kiyev son aylarda Rusiya ərazisinin dərinliklərinə zərbələri artırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Ukrayna necə üstünlük qazandı?
 
Neft emalı zavodları, hərbi müəssisələr və logistika obyektləri əsas hədəflərə çevrilib. Ekspertlər hesab edir ki, bu, müharibədə yeni mərhələnin başlanğıcıdır. Avstriyalı hərbi ekspert Markus Raysner bildirib ki, əvvəllər Rusiyanın hava hücumları üstünlük təşkil edirdisə, indi Kiyev də sürətli və kütləvi cavab vermək imkanına malikdir.
Onun sözlərinə görə, Ukrayna son illərdə ciddi təcrübə toplayıb və Avropanın dəstəyi ilə geniş dron istehsalını təşkil edə bilib. Raysner hesab edir ki, əsas üstünlük Rusiyanın HHM sisteminin qarşısını ala bilməyəcəyi sayda pilotsuz aparat buraxmaq imkanındadır.
 
İsrailli hərbi müşahidəçi David Şarp da bildirir ki, Ukrayna artıq müxtəlif tipli dronların kütləvi istehsalını qurub və bu, müvəqqəti proses deyil. Onun fikrincə, pilotsuz aparatların geniş istifadəsi həm də Ukrayna ordusunda canlı qüvvə və aviasiya çatışmazlığı ilə bağlıdır.
 
Rusiyanın neft infrastrukturu niyə hədəfə çevrilib?
 
"Penta" Mərkəzinin eksperti Vladimir Fesenko hesab edir ki, Rusiya ərazisinə dron hücumları Kiyevin əsas taktiki vasitələrindən biridir. Onun sözlərinə görə, Ukrayna resurs baxımından Rusiya ilə rəqabət apara bilmədiyi üçün "asimmetrik müharibə" üsuluna üstünlük verir.
Fesenko bildirir ki, əsas hədəflər raket istehsal edən hərbi zavodlar və neft infrastrukturu obyektləridir. O vurğulayır ki, Rusiyanın müharibəni davam etdirməsinə imkan verən əsas gəlir mənbəyi neft satışıdır.
 
Ekspertin fikrincə, gələcəkdə Ukrayna üçün mühüm hədəflərdən biri də dron istehsal müəssisələrinin yerləşdiyi "Alabuqa" xüsusi iqtisadi zonası ola bilər. Baltik limanları və Moskva ətrafındakı strateji obyektlər də prioritet hədəflər sırasındadır.
 
Rusiyanın HHM sistemi niyə çətinlik yaşayır?
 
Son aylarda Ukrayna dronlarının Moskva yaxınlığında və digər bölgələrdə vurulması ilə bağlı xəbərlər artsa da, bir çox pilotsuz aparat müdafiə xəttini yararaq hədəflərə çatır. David Şarp hesab edir ki, Rusiya HHM sistemləri əsasən klassik raket və təyyarələrə qarşı hazırlanıb, kütləvi dron hücumlarına qarşı isə daha zəifdir.
O əlavə edir ki, şəxsi heyətin hazırlığı və HHM vasitələrinin çatışmazlığı da ciddi problemdir. Ekspertin fikrincə, dronlar sərhədi keçdikdən sonra onların ölkə daxilində izlənməsi və məhv edilməsi olduqca çətinləşir.
 
Kreml qarşısında iki seçim
 
Vladimir Fesenko hesab edir ki, Kremlin qarşısında iki əsas variant var: ya praqmatik kompromis yolu ilə real danışıqlara başlamaq, ya da müharibəni daha da genişləndirmək. 
 
Politoloqun sözlərinə görə, ikinci variant Rusiya daxilində narazılığı və müharibə yorğunluğunu daha da gücləndirə bilər. O hesab edir ki, Kreml hazırda yay aylarında Ukraynaya təzyiqi artıraraq vəziyyəti öz xeyrinə dəyişməyə çalışır.
Seçilən
13
moderator.az

1Mənbələr