AZ

Fransanın istismarçı siyasəti: kanaklar azadlıq istəyir, Paris isə…

Fransanın Yeni Kaledoniyada həyata keçirdiyi siyasət bir daha göstərir ki, Paris bu gün də klassik müstəmləkə idarəetməsinin mahiyyətini dəyişməyib. Onu indi daha çox yeni neokolonial formada davam etdirir. Kanak xalqının onilliklərdir apardığı azadlıq və öz müqəddəratını təyinetmə mübarizəsi formal demokratiya bəyanatları fonunda siyasi təzyiqlər, demoqrafik manipulyasiyalar, iqtisadi asılılıq mexanizmləri və repressiv idarəetmə üsulları ilə qarşılanır.

Xüsusilə 2024-cü ilin may hadisələri Parisin yerli xalqın siyasi çəkisini zəiflətmək məqsədilə seçki balansını dəyişdirmək cəhdinin yaratdığı dərin böhranın kulminasiya nöqtəsinə çevrildi. Numeya sazişinin prinsiplərinə zidd addımlar, müstəqillik tərəfdarlarının siyasi təqiblərə məruz qalması, kanak liderlərinin Fransaya aparılması və siyasi məhbuslara çevrilməsi Fransa hakimiyyətinin dekolonizasiya prosesinə münasibətdə qərəzsiz vasitəçi deyil, birbaşa tərəf olduğunu göstərdi.

Fransanın

Musavat.com xəbər verir ki, Kanak fəalı və USTKE-nin beynəlxalq koordinatoru Rok Haokas “Bakinski raboçi”yə müsahibəsində Fransanın uzun illərdir Yeni Kaledoniyada həyata keçirdiyi neokolonial siyasətin mahiyyətini açaraq bildirib ki, Paris demokratiya və insan hüquqları haqqında danışsa da, əslində yerli xalqın öz gələcəyini müəyyən etmək hüququnu sistemli şəkildə məhdudlaşdırır. Onun sözlərinə görə, Fransa hakimiyyəti seçici korpusunu dəyişməklə kanakların siyasi iradəsini zəiflətməyə, müstəqillik perspektivini isə birdəfəlik aradan qaldırmağa çalışır. 2021-ci ildə pandemiya şəraitində keçirilmiş referendumun legitimliyinin ciddi suallar doğurduğunu deyən Haokas, Fransa hökumətinin bütün etirazlara baxmayaraq nəticələri “qapadılmış məsələ” kimi təqdim etdiyini vurğulayır.

Müsahibədə xüsusi diqqət çəkilən məqamlardan biri də Fransanın bölgədə sosial-iqtisadi alətlərdən siyasi təsir vasitəsi kimi istifadə etməsidir. 2024-cü il hadisələrindən sonra Yeni Kaledoniyanın ağır iqtisadi böhranla üzləşdiyi, infrastrukturun dağıldığı, minlərlə insanın sosial vəziyyətinin pisləşdiyi bildirilir. Parisin vəd etdiyi milyardlarla avroluq yardım isə kanak tərəfinə görə, əslində siyasi şərtlərlə müşayiət olunan yeni asılılıq mexanizmi kimi təqdim edilir. Fransa hakimiyyətinin qarşıdan gələn regional seçkilərdə loyalist qüvvələri gücləndirməyə çalışdığı, bunun isə kanak xalqının azadlıq mübarizəsini zəiflətməyə hesablandığı qeyd olunur.

Rok Haokasın fikirlərində əsas xəttlərdən biri də Fransa hakimiyyətinin beynəlxalq hüquq qarşısındakı öhdəliklərini yerinə yetirməməsi və BMT çərçivəsində aparılmalı olan dekolonizasiya prosesini siyasiləşdirməsidir. O vurğulayır ki, Yeni Kaledoniya hələ də BMT-nin dekolonizasiya olunmalı ərazilər siyahısındadır və bu məsələ Fransanın “daxili işi” kimi təqdim edilə bilməz. Kanak xalqının mübarizəsi isə təkcə siyasi deyil, həm də beynəlxalq hüquq və tarixi ədalət məsələsi kimi qiymətləndirilir.
Bu proses fonunda Azərbaycanın və xüsusilə Bakı Təşəbbüs Qrupunun fəaliyyəti müsahibədə xüsusi vurğulanır. Bakı artıq müstəmləkəçilikdən əziyyət çəkən xalqların öz sözünü deyə bildiyi beynəlxalq platformalardan birinə çevrilib. BTQ-nin təşkil etdiyi tədbirlər, BMT platformalarında aparılan müzakirələr və Azərbaycanın prinsipial mövqeyi kanak xalqı da daxil olmaqla müxtəlif koloniya xalqları tərəfindən mühüm siyasi və mənəvi dəstək kimi qiymətləndirilir. Rok Haokas Azərbaycanın Fransanın susdurmağa çalışdığı xalqlara səs verdiyini, onların problemlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığını xüsusi qeyd edir. Bu baxımdan Bakı təkcə diplomatik platforma deyil, həm də müstəmləkəçilik əleyhinə qlobal həmrəyliyin mühüm mərkəzlərindən biri kimi təqdim olunur.

Elçin

Deputat Elçin Mirzəbəyli Fransanın keçmiş dövlət başçılarından tutarlı sitatlar gətirib: “XXI əsrdə Afrikasız Fransanın tarixi olmayacaq”. Bu sözlər Fransanın sabiq prezidenti Fransua Mitterana məxsusdur. Aşağıdakı deyimin müəllifi isə Fransanın digər sabiq prezidenti Jak Şirakdır: “Tanrıya şükür, vəziyyət elədir ki, cüzdanımızdakı pulların çox hissəsi əsrlərdir istismar etdiyimiz Afrikadan gəlir”. Neokolonializm müasir Fransanın, yenidən dünya gücü olmaq hikkəsindən və başqalarının ac-yalavac qalması hesabına “fransız xalqının kef çəkmək” həvəsindən qaynaqlanır. Və bu müftəxor, iyrənc istismarçılığın sərhədləri kiçildikcə, əli “müftə” sərvətlərdən üzülən, verdikləri vədləri, ənənəvi olaraq qəsb etdikləri milyardların hesabına həyata keçirə bilmədikləri üçün dünyanın dörd bir yanına nifrət püskürən fransız siyasətçiləri qəzəblərindən çat verirlər".

"Fransa tarixi boyu, soyqırım və insanlıq əleyhinə saysız-hesabsız cinayətlərlə müşahidə olunan müstəmləkəçilik siyasətini də, milyonlarla günahsız insanın qətli, öz ev-eşiyindən didərgin düşməsi ilə sonuclanan səlib yürüşlərini də, məhz “müqəddəslik” və “insanlıq” pərdəsi altında gerçəkləşdirib. Təsadüfi deyil ki, Fransanın soyqırım cinayətlərinin qurbanı olan 18 min insanın kəlləsinin “nümayiş etdirildiyi” müzey də “İnsan muzeyi” (Musée de l'Homme), adlanır... Fransanın müstəmləkəçi siyasəti, tarix boyu kütləvi qətliamlarla, dəhşətli müharibə cinayətləri ilə müşayiət olunan səlib yürüşləri, müharibə və münaqişələr üzərində qurulub”, - deputat belə qeyd edib

Cavanşir Abbaslı
Musavat.com

 

Seçilən
27
musavat.com

1Mənbələr