AZ

Unudulmaz idman xadimi: Cavanşir Qurbanovun anım günüdür.

Görkəmli idman xadimi Cavanşir Qurbanovun vəfatından bir il ötür.

​Həyatda əsl ziyalı, ağsaqqal və şəxsiyyət kimi tanınan insanların itkisi hər zaman cəmiyyət üçün böyük boşluq yaradır. Bu gün Azərbaycanın görkəmli idman xadimi, professor Cavanşir Qurbanovun fiziki yoxluğundan bir il ötür. Lakin onun qoyduğu zəngin irs, öyüd-nəsihətləri və yetişdirdiyi tələbələri bu gün də onun adını yaşatmağa davam edir.

Vətənpərvərlik və peşəkarlıq nümunəsi

​Cavanşir Qurbanov xalqını, dövlətini və dövlətçiliyini sevən layiqli bir vətən övladı idi. O, təkcə böyük idmançı və məşqçi deyil, həm də elmi fəaliyyəti ilə seçilən bir alim idi. Bir çox monoqrafiyaların, dərsliklərin və elmi vəsaitlərin müəllifi olan professor, Azərbaycan dövlətinin güclənməsi naminə öz həyat təcrübəsini və ziyalılığını heç zaman əsirgəməmişdir.

​Beynəlxalq arenada Azərbaycan imzası

​Onun rəhbərliyi və dəst-xətti ilə Azərbaycanın hüdudlarından kənarda yüzlərlə yetirməsi bu gün də ölkəmizi təmsil edir. Milli Olimpiya hərəkatında, güləşin təbliğində və inkişafında, habelə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsində Cavanşir müəllimin əvəzsiz xidmətləri olmuşdur.

​Dövlət tərəfindən yüksək qiymətləndirilən fəaliyyət

​Cavanşir Qurbanovun əməyi ölkə başçısı tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. O, "Vətənə xidmətə görə" ordeni, Prezidentin xüsusi diplomu və "Azərbaycanın Əməkdar İdman Xadimi" fəxri adı ilə təltif olunmuşdur. Həmçinin, Beynəlxalq Güləş Federasiyasının üzvü kimi beynəlxalq səviyyəli nüfuz sahibi idi.

​Bu gün onun övladları və tələbələri Cavanşir müəllimin həyat prinsipləri olan dürüstlük, mərdlik və peşə sevgisini təbliğ etməklə onun yolunu layiqincə davam etdirirlər.​Allah rəhmət eləsin!

​Hörmətlə:Raqif Abbasov, Cavanşir Qurbanov məktəbinin yetirməsi, Əməkdar idman işçisi.

Seçilən
23
hakimiyyet.az

1Mənbələr