AZ

"Bakıda velosiped zolaqları ərazisi artırılacaq" -

Bakıda ictimai nəqliyyat və şəhər mobilliyi sahəsində mühüm irəliləyişlər əldə olunub. Belə ki, paytaxta artıq 368 ekoloji avtobus gətirilib, 114 kilometr xüsusi avtobus zolağı yaradılıb. Nəticədə gündəlik aktiv avtobus parkı 32 faiz artaraq 2300 avtobusa çatıb, illik sərnişin daşımalarının həcmi isə 500 milyona yaxınlaşıb.Metbuat.az xəbər verir ki, bu fikirləri AYNA-nın Bakı Regional İdarəsinin rəisi Tərlan Səfərov WUF13 çərçivəsində Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə səsləndirib. O bildirib ki, şəhərdə nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər davam etdirilir. Hazırda dəmir yolu şəbəkəsi genişləndirilir, şəhərətrafı qəsəbələri mərkəzlə birləşdirəcək yeni marşrutlar hazırlanır və 20 yeni sərnişin qatarının alınması planlaşdırılır.Tərlan Səfərov qeyd edib ki, metro infrastrukturunun inkişafı da prioritet istiqamətlərdəndir. Bu çərçivədə 10 yeni metro stansiyası layihələndirilir, “28 May” nəqliyyat qovşağında isə xətlərin ayrılması hesabına əsas sıxlıq probleminin aradan qaldırılması nəzərdə tutulur.AYNA rəsmisi əlavə edib ki, Bakıda alternativ nəqliyyat vasitələrinin inkişafına da xüsusi diqqət yetirilir. Hazırda şəhərdə 65 kilometr velosiped zolağı inşa olunub və yaxın gələcəkdə bu göstəricinin 100 kilometrə çatdırılması planlaşdırılır.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
30
metbuat.az

1Mənbələr