Münaqişənin bitməsindən sonra Azərbaycan yenidənqurma prosesinə təxminən 15 milyard ABŞ dolları həcmində vəsait yönəldib və dövlət büdcəsinin təxminən 25 faizi hər il bu məqsədlərə sərf olunur.
Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev WUF13 çərçivəsində keçirilən "Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi" mövzusunda çıxışında deyib.
O bildirib ki, minalarla çirklənmiş ərazilərin mövcudluğu bir sıra ölkələrdə bərpa və yenidənqurma proseslərinin başlanmasına ciddi maneələr yaradır.
Nazir müavini qeyd edib ki, Azərbaycanda da əsas çağırışlardan biri minalarla bağlıdır və bu, bərpa prosesinə başlamazdan əvvəl təhlükəsiz mühitin yaradılmasını zəruri edir.
Yalçın Rəfiyev əlavə edib ki, Azərbaycanda təxminən 1,5 milyon mina təhlükəsizliyin təmin olunması üçün təmizlənməlidir və bu olmadan genişmiqyaslı bərpa işlərinə başlamaq mümkün deyil.
“Biz maliyyə və siyasi baxımdan əlverişli şəraitə malik ola bilərik, lakin ərazilər minalardan təmizlənmədiyi müddətdə bərpa və yenidənqurma prosesini tam şəkildə həyata keçirmək mümkün deyil”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan “daha yaxşı bərpa” (building back better) yanaşmasını tətbiq edərək beynəlxalq miqyasda nümunə formalaşdırır.
“Yenidənqurma yalnız əvvəlki vəziyyətin bərpası deyil, həm də daha dayanıqlı, iqlim dəyişikliklərinə davamlı və müasir şəhərsalma standartlarına uyğun inkişafın təmin edilməsidir”, – deyə nazir müavini qeyd edib.