BAKI, 21 may. TELEQRAF
Qlobal miqyasda KOB-lar bütün bizneslərin təxminən 90 faizini təşkil edir və məşğulluğun yarıdan çoxunu təmin edirlər. Bəzi üzv ölkələrdə isə KOB-ların payı bizneslərin 90 faizinə qədər yüksəlir.
Teleqraf xəbər verir ki, bu barədə İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin baş direktoru Zehra Zümrüt Selçuk WUF13 çərçivəsində keçirilən “Davamlı, inklüziv və möhkəm şəhərlərin yaradılmasında mühüm töhfə verən KOBİ-lərin gücləndirilməsi” adlı tədbirdə çıxışında deyib.
Onun sözlərinə görə, bu o deməkdir ki, KOB-lar yerli iqtisadi və sosial struktura dərindən inteqrasiya olunub və iqtisadi diversifikasiyaya da ciddi töhfə verirlər:
“Onlar şəhərlərin məhsuldar bazasını formalaşdıraraq tək bir sektordan asılılığı azaldırlar. Bu yerli mövcudluq onlara böhran dövrlərində xüsusi rol qazandırır. Biz bunu Türkiyədə baş verən Kahramanmaraş zəlzələləri zamanı da gördük. Bu çərçivədə Türkiyədə kiçik sənaye sahələrinin yenidən qurulması və regional iqtisadi bərpa layihəsi həyata keçirildi və bu sahələr 1 600-dən çox mikro müəssisəni dəstəkləyir.
Azərbaycanın təcrübəsi və baxışı da bu sistem üçün dəyərli nümunələr təqdim edir. Azərbaycan KOB ekosistemini maliyyə sabitliyi, rəqəmsal transformasiya və yaşıl keçid istiqamətində gücləndirməyə davam edir. Bu yanaşma ölkədəki müəssisələrin uğuru ilə də özünü göstərir.
Bu fikir də bir daha göstərir ki, dayanıqlı və çevik KOB-lar icma rifahı, yerli iqtisadi davamlılıq və ümumi inkişafla birbaşa bağlıdır.
Beləliklə, Türkiyə, Azərbaycan və digər OIC ölkələrində bu yanaşma göstərir ki, KOB-ların gücləndirilməsi təkcə biznes siyasəti deyil, eyni zamanda şəhər dayanıqlılığının, iqtisadi imkanların genişlənməsinin və davamlı inkişafın strateji yoludur”,
O əlavə edib ki, KOB-ların qarşılaşdığı çətinliklər də mövcuddur və bu baxımdan 5 prioritet sahə xüsusilə vacibdir:
“Birincisi, maliyyəyə çıxış.
İkincisi, daha yaxşı inteqrasiya.
Üçüncüsü, rəqəmsal transformasiyanın sürətləndirilməsi.
Dördüncüsü, yaşıl sahibkarlığın inkişafı.
Beşincisi isə inklüzivlik – xüsusilə qadın və gənclər tərəfindən idarə olunan bizneslər üçün imkanların genişləndirilməsi.
OIC çərçivəsində KOB-ların dəstəkləmək üçün müxtəlif təşəbbüslər mövcuddur. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının Ətraf Mühit Nazirlərinin Konfransı da ekoloji məsələlərin müzakirəsi üçün mühüm platformadır. SESRIC olaraq isə biz statistikalar, tədqiqatlar və təlimlər vasitəsilə KOB-larş dəstəkləməyə çalışırıq. Bildiyiniz kimi, KOBİA ilə birlikdə OIC Kiçik və Orta Müəssisələr Şəbəkəsi – OIC SME-Net 7 oktyabrda istifadəyə verildi”.