AZ

Zehra Zümrüt Selçuk: İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin qlobal urbanizasiya içində payı da artır

BAKI, 21 may. TELEQRAF

İslam Əməkdaşlıq Təşkilatı (OIC) ölkələrinin qlobal urbanizasiya içində payı da artır. 2025-ci ildə dünya şəhər əhalisinin təxminən dörddə biri OIC ölkələrində yaşayırdı. Lakin 2050-ci ilə qədər bu göstəricinin təxminən 30 faizə yüksələcəyi gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin baş direktoru Zehra Zümrüt Selçuk WUF13 çərçivəsində keçirilən “Davamlı, inklüziv və möhkəm şəhərlərin yaradılmasında mühüm töhfə verən KOBİ-lərin gücləndirilməsi” adlı tədbirdə çıxışında deyib.

O qeyd edib ki, bu OIC ölkələrində urbanizasiya tempinin dünyanın digər hissələrindən daha sürətli olduğunu göstərir:

“OIC şəhərlərinə baxdıqda isə, bu şəhərlər təkcə böyümür, eyni zamanda rəqabətlilik, innovasiya və mürəkkəblik mərkəzlərinə çevrilir. “Oxford Economics Global Cities Index 2025” hesabatına əsasən, dünyadakı 1000 şəhər iqtisadiyyat, insan kapitalı, həyat keyfiyyəti, ətraf mühit və idarəetmə kimi 5 sahə üzrə qiymətləndirilib və bunların içində OIC ölkələrindən 175 şəhər yer alıb.

Dubay, Kuala Lumpur, Riyad, İstanbul, Cakarta, Doha, Ciddə, Bakı və Almatı kimi şəhərlər qlobal səviyyədə yüksələn şəhərlər kimi önə çıxır. Eyni şəkildə Global Urban Competitiveness Report da OIC şəhərlərini dayanıqlı şəhər rəqabətliliyi baxımından inkişaf edən mərkəzlər kimi qiymətləndirir.

Bu nümunələr göstərir ki, bir çox OIC ölkəsi artıq infrastruktur, əlaqəlilik, sahibkarlıq və innovasiya baxımından mühüm aktivlərə malikdir. Əsas vəzifə isə bu mövcud potensialı şəhər xidmətlərinə, yerli icmalar üçün real faydaya və daha çox iqtisadi imkanlara çevirməkdir.

Məhz bu baxımdan müəssisələr, xüsusilə də kiçik və orta sahibkarlıq (KOB-lar) çox vacib rol oynayır. Bu səbəbdən də urban transformasiyada KOB ölçüsü mərkəzi yer tutmalıdır.

Dayanıqlılıq artıq üzv ölkələr üçün ikinci dərəcəli məsələ deyil. O, davamlı şəhər inkişafının əsas şərtinə çevrilib”.

Seçilən
45
teleqraf.com

1Mənbələr