AZ

Leyla Həsənova: Azərbaycanın COP29 sədrliyi yalnız konfrans dövrü ilə məhdudlaşmayıb

Dünyanın hər yerindən olan gənclər icmalar, cəmiyyətlər, mədəniyyətlər və həyatın digər sahələri arasında körpülər yaradırlar.

APA xəbər verir ki, bunu Bakıda WUF13 çərçivəsində təşkil olunan “Davamlı və İnklüziv Şəhərlərin İnkişafında Gənclər və Vətəndaş Cəmiyyəti Liderliyi” adlı tədbirdə Qoşulmama Hərəkatı Gənclər Təşkilatında Katibliyin rəhbəri və COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova bildirib.

“Buna görə də ilk növbədə gənclərə ən erkən mərhələdə müraciət etməliyik. Çünki qərarlar artıq qəbul olunanda, siyasətlər təsdiqlənəndə çox gec olur. Gəncləri prosesə qoşmağa çalışdığımız zaman onları sadəcə dinləmək üçün deyil, onların fikir və ideyalarını həqiqətən nəzərə almaq, onlarla məsləhətləşmək və qurduğumuz hər şeyi məhz onlar üçün birlikdə formalaşdırmaq vacibdir”, - Leyla Həsənova qeyd edib.

O vurğulayıb ki, gənclərin qərarqəbuletmə prosesində real iştirakı üçün onların yalnız tədbirlərə dəvət olunması kifayət deyil.

Leyla Həsənova qeyd edib ki, COP29 çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan gənclərlə geniş məsləhətləşmələr aparılıb və əsas çağırışlardan biri onların proseslərdə necə effektiv iştirak edə bilməsi ilə bağlı olub. Gənclərin iştirakının formal xarakter daşımaması, onların real töhfə verməsi üçün maarifləndirmə və hazırlıq vacibdir.

Leyla Həsənovanın sözlərinə görə, Azərbaycanın COP29 sədrliyi yalnız konfrans dövrü ilə məhdudlaşmayıb və müxtəlif irs layihələri ilə davam etdirilib. Bu təşəbbüslər çərçivəsində artıq iki il ardıcıl olaraq COP29 İqlim Dəyişikliyi Yay Düşərgəsi təşkil olunub və layihənin gələcəkdə Türkiyə sədrliyi ilə birgə davam etdirilməsi planlaşdırılır.

Seçilən
46
apa.az

1Mənbələr