AZ

Qatar biletləri harada daha ucuzdur: Azərbaycanda, yoxsa Avropada?

Bakı–Tbilisi–Bakı marşrutu üzrə yeni qatar biletlərinin qiymətinin 81 manat olması ictimai müzakirələrə səbəb olub.

Bəzi vətəndaşlar bu rəqəmin gündəlik gəlirlə müqayisədə yüksək olduğunu və səyahətin hər kəs üçün əlçatan olmadığını bildirirlər.

Bu məsələyə dünyada sürətli qatar qiymətləri ilə yanaşı, insanların qazancı da nəzərə alınaraq baxmaq lazımdır. Çünki nəqliyyat xərclərinin “bahalı” və ya “əlçatan” olması birbaşa əhalinin aylıq qazancı ilə ölçülür.

"Cebheinfo.az"-ın araşdırmasına əsasən, Avropada sürət qatarları ilə səyahət həm rahatlığı, həm də sürəti ilə son illər daha çox seçilir.

Hazırda müxtəlif ölkələr üzrə ən populyar marşrutlarda biletlərin başlanğıc qiymətləri belədir:

Ən çox istifadə olunan istiqamətlərdən biri olan Paris–London xəttində “Eurostar” qatarları ilə səyahət 55–90 avro (təxminən 104–171 AZN) arasında dəyişir. Bu marşrut Avropada ən çox tələbat olan və nisbətən bahalı sürətli qatar istiqamətlərindən biri hesab olunur.

London–Brüssel xəttində isə qiymətlər daha aşağıdır — 39–44 avro (74–84 AZN). Eyni şəkildə Amsterdam–Brüssel marşrutunda biletlər 25–45 avro (47–85 AZN) civarındadır.

Fransa və Benilüks ölkələri arasında hərəkət edən sərnişinlər üçün Paris–Amsterdam xətti 35–70 avro (66–133 AZN), Brüssel–Paris istiqaməti isə 29–55 avro (55–104 AZN) aralığında dəyişir. Bu marşrutlar həm biznes, həm də turizm səfərlərində ən çox seçilən istiqamətlərdən sayılır.

Şimali Avropada Kopenhagen–Hamburq xətti üzrə qatar biletləri 30–60 avro (57–114 AZN) arasında dəyişir. Bu marşrut daha çox regional bağlantılar və işgüzar səfərlər üçün istifadə olunur.

Cənubi Avropada İtaliya sürətli qatar qiymətlərinin nisbətən daha əlçatan olduğu ölkələrdən biridir. Roma–Florensiya xəttində biletlər 15–40 avro (28–76 AZN), Milan–Roma istiqamətində isə 25–70 avro (47–133 AZN) aralığındadır. İspaniyada Madrid–Barselona xətti 18–65 avro (34–123 AZN) ilə dəyişir. 

Qərbi və Mərkəzi Avropada Berlin–Praqa marşrutu 20–45 avro (38–85 AZN), Varşava–Berlin xətti 25–55 avro (47–104 AZN), Berlin–Vyana istiqaməti isə 35–80 avro (66–152 AZN) aralığında dəyişir. Bu marşrutlar Avropanın əsas paytaxtlarını birləşdirən mühüm nəqliyyat xəttləri hesab olunur.

Mərkəzi Avropada Vyana–Budapeşt xətti 15–35 avro (28–66 AZN), Praqa–Vyana 14–30 avro (26–57 AZN), Budapeşt–Praqa istiqaməti isə 16–35 avro (30–66 AZN) civarındadır. Bu bölgədə qısa məsafələr və yüksək rəqabət qiymətlərin nisbətən aşağı qalmasına təsir edir.

Araşdırmalar göstərir ki, Avropada sürətli qatar qiymətləri bir neçə əsas amildən asılı olaraq dəyişir. Bunlara biletin nə qədər əvvəl alınması, səyahət tarixi, həftəsonu və bayram günlərində artan tələbat, həmçinin seçilən xidmət sinfi daxildir.

Erkən alınan biletlər daha ucuz olduğu halda, səfərə yaxın tarixlərdə qiymətlər kəskin şəkildə yüksələ bilir.

Seçilən
50
cebheinfo.az

1Mənbələr