Bakı, 21 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi etibarlılığının və strateji baxışının növbəti dəfə təsdiqi kimi qiymətləndirilə bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.
O bildirib ki, COP29-dan sonra daha bir qlobal platformaya ev sahibliyi etməyimiz ölkəmizin artıq yalnız regional deyil, həm də qlobal gündəmin formalaşmasında fəal iştirak edən dövlətlər sırasında yer aldığını göstərir.
WUF13-ün əsas əhəmiyyəti, həm də ondan ibarətdir ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma modelini beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı qazanır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən “Ağıllı şəhər” və “Yaşıl enerji zonası” konsepsiyaları müasir şəhərsalmanın innovativ nümunələri kimi dünya mütəxəssislərinin diqqətini cəlb edir. Bu, Azərbaycanın dağıdılmış əraziləri bərpa etdiyini, eyni zamanda, gələcəyin şəhər modelini formalaşdırmağa çalışdığının nümayişidir.
"WUF13 həm də diplomatik baxımdan mühüm platformadır. “Bakı Fəaliyyətə Çağırışı” kimi sənədlərin hazırlanması Azərbaycanın beynəlxalq qərarların formalaşmasına təsir imkanlarını artırır. Eyni zamanda, “Bakı Şəhərsalma Mükafatı”nın təsis olunması paytaxtımızın adını qlobal urbanizasiya tarixində daha da ön plana çıxarır.
WUF13-ün iqtisadi və sosial təsirləri də xüsusi qeyd edilməlidir. Minlərlə xarici qonağın Bakıya səfəri turizm, xidmət və biznes sektoruna ciddi töhfə verəcək, yeni investisiya imkanları yaradacaq. Bununla yanaşı, tədbir Azərbaycanın “yumşaq güc” siyasətini gücləndirərək ölkəmizin müasir, təhlükəsiz və inkişaf edən dövlət imicini daha da möhkəmləndirəcək.
Bu baxımdan da WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal urbanizasiya və dayanıqlı inkişaf gündəliyində fəal söz sahibi olduğunu nümayiş etdirən mühüm strateji hadisədir", - deyə N.Aslanov əlavə edib.